Müzəffər Ordumuzun şanlı qələbəsinə həsr olunmuş "TIAMO MEQA BEYIN -2021" olimpiadası keçirildi

Sumqayıtda yerləşən “Tiamo kids” Dahi Uşaqlar Mərkəzinidə Müzəffər Ordumuzun şanlı qələbəsinə həsr olunmuş "TIAMO MEQA BEYIN -2021" olimpiadası keçirilib.

Dövlətimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurmuşdur. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi dəyər qatan isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.Böyük qəhrəmanlıq və şücaət göstərməklə oğullarımız şəhidlik və qazilik zirvəsinə yüksəlmiş, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmışlar. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayırıq.

Uşaqlar bizim gələcəyimizdir. Kiçik yaşlarından uşaqların qazandıqları bilik,bacarıq və istedadların üzə çıxarılması onların həyatında çox önəm daşıyır. Onların gələcəkdə əldə edəcəyi uğurların təməli məhz bu tədbirlərdən qazandıqları təcrübədə öz əksini tapır. Azyaşlı uşaqların bilik və istedadlarının üzə çıxarılması üçün Azərbaycanda

müxtəlif yarışmalar, olimpiadalar keçirilir. Tiamo Kids Dahi Uşaqlar Mərkəzinin şagirdləri də bu ənənəni davam etdirərək, hər il Azərbaycanda və xarici ölkələrdə dünya üzrə keçirilən Beynəlxalq olimpiadalarda iştirak edir.

"TİAMO kids” mərkəzinin Azərbaycan üzrə nümayəndəsi İradə Xəlilova olimpiadanı açaraq, qonaq və Münsiflər heyəti qismində dəvət olunmuş - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhid ailələrinin üzvlərini və Vətən müharibəsində canını sipər etmiş Qazilərimizi Salamladı. Tədbirdə çıxış edən mərkəzin direktoru İradə Xəlilova təhsil müəssisəsinin fəaliyyəti, xidmətləri və əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.Pandemiya şəraitində sanitar-gigiyenik və sosial məsafə tələblərinə riayət etməklə hər bir olimpiada iştirakçısının bacarıq və qabiliyyəti dinlənildi. Azyaşlıların mental bacarıqları, rəqs nümunələri də maraqla qarşılanıb."Dahi uşaqlar" yetişdirən mərkəzin direktoru azyaşlı istedadlar və onların iştirak etdiyi yarış barədə geniş məlumat verərək, bildirib ki, "Tiamo" sözünün mənası “Türk İlköğrətim Abaküs Matematik Okulu” deməkdir. "Beynin gimnastikası" adlandırılan proqramın əsas məqsədi uşaqların hələ erkən yaşlarından sağ və sol beyin yarımkürələrinin potensialından istifadə olunaraq, onlarda güclü yaddaşın yaradılmasıdır. Mərkəzdə fəaliyyət göstərən “Məktəbəqədər hazırlıq” kurslarında riyaziyyat, Ana dili, həyat bilgisi, məntiq, ingilis dili ilə yanaşı "Mental aritmetik" proqramı da tədris edilir. Xüsusilə əhəmiyyətlidir ki, proqram eyni zamanda diqqət dağınıqlığını da aradan qaldırır. Mərkəzin rəhbəri İradə xanım "Tiamo uşaqları"nda riyazi və məntiqi təfəkkür, qavrama, dərketmə, analiz və sintez etmə, fikri cəmləmə və s. kimi bacarıqların, liderlik kimi qabiliyyətlərin sürətlə inkişaf etdiyi üçün bu proqramı tam bitirmiş uşaqların dərslərdə müvəffəqiyyət faizinin digərlərinə nisbətən qat-qat üstün olduğunu diqqətə çatdırıb. Belə ki, 5 yaşlı uşaqlar sərbəst yazmaq, dəqiqədə 60-100 söz oxumaqla bərabər, 2-3 mərhələli riyazi və məntiqi məsələləri asanlıqla həll edir, ingilis dilindən 300-dən artıq söz bilirlər. "TİAMO" proqramı sayəsində öyrəndiklərini asanlıqla mənimsəyən bu uşaqlar gələcəyin alimləri, həkimləri, mühəndisləri, istehsalat rəhbərləri ola biləcəklər.

"TİAMO kids” mərkəzinin Azərbaycan üzrə nümayəndəsi İradə Xəlilova tərəfindən "TIAMO MEQA BEYIN -2021" bilik yarışının münsifləri – Vətən müharibəsi qaziləri xüsusi hədiyyələrlə təltif olundular.

Tədbirin sonunda olimpiada iştirakçıları və qalib uşaqlar hər qrup üzrə kubok, medal, plaket, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar. Qalibləri İkinci Qarabağ müharibəsi qaziləri və Sumqayıt şəhərindən deputat seçilmiş Hicran xanım Hüseynovanın və Emin Hacıyevin köməkçiləri təbrik edərək, mükafatları təqdim etdilər. Qonaqlar arasında ölkə başçısı Cənab Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Camal Alxasov, Elvin Səfərov, Kənan Həsənov və Pünhan Ağayev tərəfindən qaliblərin mükafatlandırılması uşaqlar tərəfindən böyük sevinclə, fəxarətlə qarşılanıb. Mükafatlandırma mərasimində bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd uşaqların dünyagörüşünə, intellektual səviyyələrinin inkişafına böyük təsir göstərərək, onların sosiallaşması prosesini təmin etməkdir.