NADİR HƏDİYYƏ

Xəbər verdiyimiz kimi, avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Prezident İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

“Qafqazinfo”nun məlumatına görə, “Axaltəkə” cinsi özünəməxsus gözəlliyi, çevikliyi və türk etnoslarının zəngin tarixini özündə cəmləşdirməsi ilə seçilir.

Türkmənistan mənşəli bu nadir at cinsi təkcə Orta Asiyanın deyil, bütün dünyanın diqqətini çəkir.

Bu cins öz adını Türkmənistanın Axal vilayətindəki Teke qəbiləsindən alıb. Yaşı təqribən 3000 il əvvələ – qədim Orta Asiya dövrlərinə gedib çıxır. Arxeoloji tapıntılar və qədim yazılı mənbələr sübut edir ki, “Axaltəkə” atları erkən türklər və saklar dövründən bəri yetişdirilir.

O dövrlərdən bəri bu atlar əsasən sərkərdələrin istifadə etdiyi heyvanlar idi.