Naxçıvan Konstitusiyasına hansı dəyişikliklər ediləcək?

Məlum olduğu kimi, fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə olub. Bildirilir ki, konstitusiya dəyişikliyi barədə hazırlanmış layihə ilk oxunuşda qəbul olunub. İkinci oxunuş 3 aydan sonra baş tutacaq və layihə bu oxunuşdan da keçərsə, hüquqi qüvvəyə minəcək.

Bəs, Naxçıvanın konstitusiyasına edilən dəyişikliklər nə ilə bağlıdır və hansı zərurətdən doğub?

Siyasi şərhçi Heydər Oğuz bildirib ki, Naxçıvan MR Konstitusiyasında dəyişiklik üçün həqiqətən də zərurət vardı: “Hətta deyərdim ki, Naxçıvan Ali Məclisi bu sahədə xeyli gecikib. Çünki 2022-ci ilin sonlarında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa vermiş və Muxtar Respublikaya yeni rəhbər təyin olunmuşdu. Yeni rəhbər Prezidentin sərəncamı ilə səlahiyyətli nümayəndə qismində öz fəaliyyətinə başlamışdı. Halbuki, Naxçıvan MR Konstitusiyasında faktiki olaraq belə bir post nəzərdə tutulmayıb. Azərbaycan Konstitusiyasına görə isə Prezidentin regionlara öz nümayəndələrini təyin etmək, oralarda bəzi struktur dəyişiklikləri aparmaq səlahiyyətləri var. Məntiqlə, Naxçıvandakı real vəziyyətlə Konstitusiyası arasındakı struktur dəyişikliklərindən doğan fərq aradan qaldırılmalı idi.

Üstəlik, Naxçıvanda aparılan struktur dəyişikliyi təkcə səlahiyyətli nümayəndə institutunun yaradılması ilə də məhdudlaşmırdı. Uzun illərdən bəri Azərbaycanda aparılan bir çox dəyişikliklər Naxçıvandan yan keçmiş, bəzi ləğv olunan nazirliklərin paralel strukturları toxunulmadan saxlanılmışdı. Yeni səlahiyyətli nümayəndə təyin olunandan sonra həmin nazirliklərin bir çoxu ləğv olunmuş, bəziləri komitəyə, Azərbaycandakı strukturlara bağlı baş idarəyə çevrilmişdi. Di gəl ki, bütün bu dəyişikliklər Naxçıvan MR Konstitusiyasında öz əksini tapmamışdı. Nəticədə həmin strukturların fəaliyyət dairəsi müəyyənləşdirilməmiş qalırdı. Bu da istər-istəməz Naxçıvanda hakimiyyət orqanlarının effektli fəaliyyətinə mane olurdu. Xüsusilə də səlahiyyətli nümayəndənin səlahiyyət sahəsi və funksiyası qeyri-müəyyən olaraq qalırdı. Beləcə, bəzən hansı qərarı vermək səlahiyyəti onun, hansının Ali Məclis sədrinin, hansının isə Baş nazirin ixtiyarında olduğu bilinmirdi. Təbii ki, bu qarışıqlıq bəzən qərarvermə mexanizminin işləməsinə mane olur, bəzən hətta hakimiyyət bölgüsü sahəsində lazımsız mübahisələr yaranırdı və ya yarana bilərdi. Sözsüz ki, dövlət mexanizminin normal işləməsi üçün bu ziddiyyətli məqamlar ortadan qaldırılmalı, Naxçıvan Konstitusiyasında hər kəsin səlahiyyət bölgüsü və məsuliyyəti aydın şəkildə öz əksini tapmalı idi. Bu baxımdan Naxçıvan Konstitusiyasında dəyişiklik aparılmasını normal qarşılayır, hətta bir az da gecikmiş addım kimi qiymətləndirirəm”.

MR Konstitusiyasında konkret hansı dəyişikliklər edilməsinə gəlincə, Heydər Oğuzun fikrincə, ilk növbədə Naxçıvan Ali Məclis sədrinin səlahiyyətləri məhdudlaşdırılacaq: “Çünki sözügedən Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan MR-nın ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Maraqlıdır ki, ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti səlahiyyətlərinə malik idi. Yəni həm qanunları qəbul edir, həm də o qanunlarda nəzərdə tutulanların icrası ilə məşğul olurdu. Yəni özü yazıb, özü həyata keçirirdi. Bu isə dövlət qanunvericiliyinin qızıl qaydası sayılan hakimiyyət bölgüsü prinsipinə və həm Azərbaycan, həm də elə Naxçıvan Konstitusiyasının bəzi maddələrinə zidd idi. Heç uzağa getməyək, Naxçıvan MR Konstitusiyasının 3-cü maddəsinə görə, “Muxtar Respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;

icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir”.

Üstəlik, bu hakimiyyət qolları öz fəaliyyətlərində müstəqildirlər, digər hakimiyyət qollarının təlimat və göstərişlərini yerinə yetirmirlər. Halbuki, həm qanunvericilik, həm də icra hakimiyyətinin eyni adam tərəfindən icra olunması nəticəısində bu iki orqanın fəaliyyətində hansısa göstərişə belə ehtiyac yaranmır. Ali Məclisin sədri istədiyi qanunu və ya qararı çıxarıb özü də onu icra edə bilərdi. Bu da belə bir sual meydana gətirirdi: o zaman Baş nazirə nə ehtiyac var? Ən əsası isə, indiki reallıqda Naxçıvanda bir də Prezidentin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. Bəs onun səlahiyyəti nədən ibarətdir və Naxçıvanın idarə olunmasında hansı haqlara malikdir? Təbii ki, bütün bu suallar aydınlıq gətirilməli, bəzi müddəalar ixtisar olunmalı idi”.

Heydər Oğuza görə, dəyişdirilməsi nəzər tutulan digər maddələr yəqin ki, Naxçıvan MR Nazirlər Kabineti ilə əlaqədar olacaq. Açığını deyim ki, Naxçıvanda xüsusi səlahiyyətli nümayəndə institutu yarandığı halda Nazirlər Kabinetinin və xüsusilə Baş nazirin funksiyalarının nədən ibarət olması şəxsən mənə çatmır. Eyni funksiyanı həyata keçirən iki orqanın mövcudluğu Leninin məşhur “arabanın beşinci təkəri” aforizmin xatırladır. Məncə, əlavə bürokratik əngəllər yaratmamaq, idarəetmə mexanizmini sadələşdirmək üçün ya Baş nazir postu tamamilə ləğv olunmalı, ya da xüsusi nümayəndəlik institute yaradılmamalıdır. Əks halda, bu iki strukturun eyni anda fəaliyyət göstərməsi bürokratik tıxanıqlığa yol aça bilər. Yəqin ki, dəyişdirilmiş Konstitusiyada bu kimi problemlər də öz həllini tapacaq”.