Prezident İlham Əliyev: “Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür”
Naxçıvan tarixən Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında
mühüm rol oynayan qədim diyarlarımızdan biridir. Bu torpağın zəngin tarixi,
strateji coğrafi mövqeyi, təbii ehtiyatları və formalaşmış infrastruktur
imkanları onun inkişaf perspektivlərini daha da genişləndirir. Son illərdə
Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr regionun sosial-iqtisadi
potensialının gücləndirilməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına və
müasir infrastrukturun formalaşdırılmasına mühüm töhfələr verib. Azərbaycan
Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan
Televiziyasına verdiyi müsahibə isə muxtar respublikanın qarşıdakı inkişaf mərhələsinin
əsas istiqamətlərinə aydınlıq gətirib. Dövlət başçısının səsləndirdiyi fikirlərdən
görünür ki, Naxçıvanda görülən işlər bununla yekunlaşmır. Əksinə, regionun sürətli
sosial-iqtisadi inkişafını təmin edəcək yeni layihələr, xüsusilə enerji və sənaye
sahəsində mühüm təşəbbüslər qarşıdakı dövrün əsas prioritetlərini müəyyənləşdirir.
Naxçıvanın
sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi, enerji təhlükəsizliyinin
daha da möhkəmləndirilməsi, sənaye potensialının genişləndirilməsi və qədim
diyarın zəngin tarixi-mədəni irsinin qorunması qarşıdakı dövr üçün əsas
prioritetlərdən biri kimi müəyyənləşir. Qarşıdakı dövrdə əsas məqsəd mövcud
potensialdan daha səmərəli istifadə etməklə regionun iqtisadi imkanlarını
genişləndirmək, enerji təminatını gücləndirmək, sənaye istehsalını artırmaq və
Naxçıvanın tarixi-mədəni simasını qorumaqdır.
Naxçıvanın
gələcək inkişafında enerji məsələsi xüsusi yer tutur. Prezident İlham Əliyevin
müsahibəsində açıqladığı ən mühüm layihələrdən biri Naxçıvan Sənaye Parkının tərkib
hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşa ediləcəyidir.
Bu layihənin əhəmiyyəti yalnız yeni generasiya gücünün yaradılması ilə məhdudlaşmır.
Dövlət başçısının bildirdiyi kimi, Naxçıvanın hazırkı generasiya gücü təqribən
200 meqavatdır. Yeni 300 meqavatlıq stansiyanın istifadəyə verilməsi isə mövcud
gücü təxminən 1,5 dəfə artıracaq. Beləliklə, Naxçıvanın elektrik enerjisi
istehsalında ciddi keyfiyyət və kəmiyyət dəyişikliyi yaranacaq. Stansiyanın
qarşısında iki əsas vəzifə dayanır. Birincisi, Naxçıvan Muxtar Respublikasının
dayanıqlı və etibarlı enerji ilə təmin edilməsidir. İkincisi isə artıq
formalaşan enerji potensialından ixrac məqsədləri üçün istifadə etmək
imkanlarının genişləndirilməsidir.
Naxçıvanın
enerji strategiyasının digər mühüm istiqaməti bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsidir. Prezident İlham Əliyevin səfəri çərçivəsində
50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış olması
da bu baxımdan diqqət çəkir. Belə layihələr bir tərəfdən elektrik enerjisi
istehsalını artırır, digər tərəfdən isə Naxçıvanın əlverişli günəş
potensialından daha geniş istifadə edilməsinə şərait yaradır. Bu baxımdan cənab
Prezidentin müsahibədə qeyd etdiyi “Naxçıvanda Günəş enerjisinin potensialı çox
böyükdür” fikri çox əhmiyyətlidir. Azərbaycanın enerji siyasətində Naxçıvanın
“Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilməsi də xüsusi yer tutur. Energetika
Nazirliyinin məlumatına görə, 2026–2030-cu illər üçün nəzərdə tutulan yanaşmada
bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji müstəqilliyinin
və dayanıqlı inkişafın təmin olunması, müasir şəbəkə infrastrukturunun
qurulması və enerji ixrac imkanlarının artırılması əsas hədəflər sırasındadır.
Naxçıvanın
enerji təhlükəsizliyindən danışarkən təbii qaz təminatı da xüsusi diqqət çəkir.
Prezident İlham Əliyev müsahibəsində Naxçıvanda qazlaşmanın 100 faiz olduğunu
bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda ümumi qazlaşma səviyyəsi
96 faiz olduğu halda, Naxçıvanda bu göstərici artıq 100 faizə çatıb. Bu fakt
regionun enerji infrastrukturunun əhatəliliyini göstərən mühüm göstəricilərdən
biridir. Qazlaşdırmanın tam başa çatdırılması əhalinin məişət və sosial
ehtiyaclarının daha etibarlı şəkildə qarşılanmasına, həmçinin iqtisadi fəaliyyət
üçün zəruri infrastrukturun formalaşmasına xidmət edir.
Naxçıvanın
inkişafı yalnız iqtisadi və enerji layihələri ilə ölçülmür. Bu qədim diyar Azərbaycanın
tarixində, mədəniyyətində və memarlığında müstəsna yer tutur. Prezident İlham
Əliyevin müsahibəsində Naxçıvanın zəngin tarixi və mədəniyyətinə xüsusi diqqət
yetirməsi də təsadüfi deyil. Dövlət başçısı Naxçıvanın qədim Atabəylər dövlətinin
paytaxtı olduğunu və burada müxtəlif tarixi dövrlərə aid dünya əhəmiyyətli abidələrin
yerləşdiyini vurğulayıb. Naxçıvanın iqtisadi inkişafı ilə tarixi-mədəni irsin
qorunmasının paralel aparılması regionun gələcək simasının formalaşması
baxımından mühüm prinsipdir. Çünki şəhərlərin və regionların inkişafı yalnız
yeni binaların, yolların və istehsal müəssisələrinin yaradılması demək deyil.
Tarixi yaddaşın qorunması da davamlı inkişafın əsas şərtlərindən biridir.
Naxçıvanın
qarşıdakı illərdə inkişafı üçün ən mühüm üstünlüklərdən biri onun həm qədim
tarixə, həm də müasir infrastruktur imkanlarına malik olmasıdır. Bir tərəfdən
regionun enerji potensialı artırılır, yeni elektrik stansiyaları tikilir, sənaye
üçün infrastruktur yaradılır. Digər tərəfdən isə əsrlər boyu formalaşmış mədəni
irs qorunur, tarixi abidələr bərpa edilir. Bu iki istiqamətin bir-birini
tamamlaması Naxçıvanın gələcək inkişaf modelinin əsas xüsusiyyətlərindən biri
ola bilər.
Naxçıvanın
gələcəyi üçün müəyyənləşdirilən əsas xətt aydındır: enerji təhlükəsizliyi, sənayeləşmə,
müasir infrastruktur, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması
bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının tərkib hissələridir. Qədim
Naxçıvanın gələcəyə doğru atdığı yeni addımların əsas məzmunu da məhz bundan
ibarətdir: tarixin mirasını qoruyaraq müasir iqtisadiyyat qurmaq, enerji
potensialını artıraraq yeni istehsal imkanları yaratmaq və regionun
sosial-iqtisadi inkişafını daha yüksək mərhələyə çatdırmaq.
Nurullayeva
Zenfira İslam qızı
Qara
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor
ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi