Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edib. Xalqcəbhəsi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan jurnalistlərinin IX qurultayının nümayəndələrinə! Hörmətli mətbuat nümayəndələri! Siz, ölkəmizi təmsil edən media mənsubları olaraq, tarixi proseslərin içərisində olmuş, xalqımızın çətin və şərəfli mübarizə yolunda önəmli missiya yerinə yetirmiş və daim dövlət maraqlarından çıxış etmisiniz. Əlbəttə, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, tarixi zəfər qazanıb və yeni hədəflər müəyyən edib. Amma, hələ də yekun sülh sazişi əldə olunmayıb, Azərbaycana qarşı bütün istiqamətlərdə təhdidlər, o cümlədən ideoloji hücumlar mövcuddur və informasiya savaşı davam edir. Bu təhdidlərin qarşısının alınmasında Azərbaycan mətbuatının üzərində böyük məsuliyyət yükü var. İndiyə qədər olan dövr ərzində Azərbaycan mətbuatı üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib, xalqımızın və dövlətimizin ağır sınaqlardan ləyaqətlə çıxmasında rol oynayıb. Jurnalistlərimizin vətənpərvərliyi, intellekt səviyyəsi və siyasi yetkinliyi imkan verir ki, bundan sonrakı dönəmdə də öz missiyasını ləyaqətlə davam etdirsin. Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram!".