Novruzəli Aslanov: “Azərbaycan enerji potensialını gücləndirməklə özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirir”

“Bu gün Azərbaycanın malik olduğu müstəqil elektrik enerji sisteminin əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1969-cu ildə Ulu Öndərin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə ardıcıl şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə start verilmişdir. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. O cümlədən, ötən əsrin 80-ci illərindən bu günə qədər Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik Mingəçevir İstilik Elektrik Stansiyasının təməli birbaşa Ulu Öndərimizin təşəbbüsü və səyləri nəticəsində 1976-cı ildə qoyulmuş və bu böyük stansiyanın birinci bloku 1981-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olunaraq istismara buraxılmışdır. 2018-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində, cəmi iki ilə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya artıq yenidən 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdir.”

Bu sözləri mətbuata açqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın enerji resurslarına Avropada artan tələbat ölkəmizdə elektroenergetika sahəsinin inkişafını daha da stimullaşdırır: “Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə bərabər, həm də əksər qonşu ölkələrə bu enerji növünü ixrac edir. Eyni zamanda da Avropada ölkəmizin enerji resurslarına olan tələbatın getdikcə artması Azərbaycanda elektroenergetika sahəsinin daha sürətli inkişafını stimullaşdırır. Cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövründə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələ barədə ətraflı açıqlamalar təqdim edərək bildirdi ki, bu gün Mingəçevir şəhərinin tarixində artıq bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni bir dövr başlayır. Bu şəhərdə yeni inşa ediləcək təxminən 1300 meqavat gücündə olan stansiya Azərbaycanın mövcud potensialını xeyli yüksəldəcək. Bu, ölkənin enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində ixrac imkanlarını bir qədər də genişləndirəcək. Daha bir önəmli məqam budur ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olduğundan ildə təqribən 1 milyard kubmetr qaza qənaət ediləcək. Bu isə hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu nəzərə alınmaqla, qitənin enerji təhlükəsizliyinə növbəti önəmli töhfə olacaq.”

Həmçinin N.Aslanov yeni elektrik stansiyasının inşasında İtaliya şirkətinin iştirakını bu ölkə ilə Azərbaycan arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha bir təzahürü olduğunu vurğulayaraq bunları deyib: “Xəbər verildiyi kimi, Mingəçevirdə inşa ediləcək elektrik stansiyasının tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcəklər. Möhtərəm dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlər də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin getdikcə daha da möhkəmləndiyindən və dinamik inkişaf etdiyindən xəbər verir. Təsadüfi deyil ki, “Gülüstan” sarayında keçirilən mötəbər tədbirdə iştirak edən İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso da öz çıxışında Azərbaycana bu gəlişinin ölkələrimiz arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulamışdır. Qeyd edək ki, Adolfo Urso artıq İtaliyanın üçüncü naziridir ki, Bakıya səfər edir. Bundan əvvəl müdafiə naziri və energetika naziri ölkəmizdə olublar. Bu da əlbəttə ki, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir. Aydındır ki, enerji sahəsi bundan sonra da strateji mövzu olaraq qalacaq və İtaliya Azərbaycanın bərpaolunan enerjiyə keçid prosesində də iştirak etmək istəyini artıq bəyan edib və gələcək illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacağını vurğulayıb”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.