Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələrinin inkişafı müttəfiqlik səviyyəsində davam edir”

“Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir və bir-biriləri üçün xüsusi əhəmiyyət kəsb edirlər. Diqqətəlayiq haldır ki, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin səylərinin və töhfələrinin xüsusilə böyük olması Gürcüstan hökuməti tərəfindən də xüsusi qeyd olunur. Eyni zamanda qeyd olunmalıdır ki, ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb.”

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Deputat bildirib ki, Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinin təşkil olunması bu ölkənin səmimi qonşuluq münasibətlərinin və ölkəmizin ərazi bütövlüyü məsələsinə münasibətdə birmənalı mövqeyinin nümayişi kimi qiymətləndirilməlidir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri çərçivəsində iki ölkənin dövlət və hökumət başçılarının “Qarabağ xanlığının irsi” sərgisini ziyarət etmələri sadəcə tarixi-mədəni deyil, eyni zamanda da mühüm siyasi önəm kəsb edən bir hadisədir. Sərgidə nümayiş etdirilən çoxsaylı sənəd və artefaktların dünyaya Cənubi Qafqazda tarixən mövcud olmuş qədim bir xalqın və dövlətin təşəbbüsü ilə təqdim olunması da Azərbaycan həqiqətlərinin daha bir əsaslı təsdiqidir. Həmçinin bu sərginin yaradılması qonşu Gürcüstanın Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqelərini dəstəklədiyini göstərir.”

Daha sonra N.Aslanov Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələrinin regional əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin inkişafında bütün Avropa ölkələrinin maraqlı olduğunu vurğulayaraq bunları deyib: “Heç şübhəsiz cənab Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. Öz çıxışında dövlət başçımızın qeyd etdiyi kimi, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub və dövlətlərimiz arasında əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Artıq uzun müddətdir ki, bu strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qalxıb. Ölkələrimiz arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birini dəstəkləyirlər. Xüsusilə vurğulamaq lazımdır ki, icra olunan bir çox birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Əlbəttə ki, ilk növbədə bu, enerji təchizatı ilə bağlı layihələrə aiddir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, növbəti ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Bundan başqa, Azərbaycan bu gün özünü elektrik enerjisini dünya bazarlarına ixrac etmək məqsədilə əhəmiyyətli layihələrin reallaşdırılması istiqamətində çalışmalar aparır və bu ixracın istiqaməti də məhz Gürcüstandan keçir. Ölkəmizin təkcə azad edilmiş torpaqlarda bərpaolunan enerji ehtiyatlatları potensialı 10 giqavatt gücündə dəyərləndirilir. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Əlbəttə ki, Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.