Novruzəli Aslanov: “Energetika sektorunun Azərbaycan-Serbiya əlaqələrində rolu getdikcə daha da böyüyür”

 

“Artıq xəbər verildiyi kimi, dekabr ayının 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycanda rəsmi səfərdə olub. Məlumdur ki, Azərbaycan bu gün Avropa ölkələri ilə əməkdaşlıq əlaqələrinin həm çoxtərəfli, həm də ikitərəfli formatda inkişafını və genişləndirilməsini xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan Azərbaycan-Serbiya münasibətlərinin də hazırda müsbət dinamikaya malik olduğunu qeyd etməliyik. Bu münasibətlər xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən ay Serbiyaya etdiyi rəsmi səfərdən sonra daha da möhkəmlənmiş və inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Serbiya və Azərbaycan Prezidentlərinin dekabrın 21-də təkbətək görüşləri başa çatdıqdan sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Öz çıxışında cənab Prezident İlham Əliyev qeyd edib ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. Ölkələrimiz arasında bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Həmçinin Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət bundan sonra da dəyişməz olaraq qalacaq. Azərbaycan və Serbiyanın xarici siyasətlərində ən mühüm oxşar cəhətlərdən biri budur ki, hər iki ölkə beynəlxalq hüququn tərəfdarı olmaqla, dövlətlər arasında münasibətlərin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsini dəstəkləyirlər. Qeyd olunmalıdır ki, Azərbaycan və Serbiya əməkdaşlığının nəqliyyat-logistika sahəsində də böyük potensialı var. Ölkələrimzin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri bu sahədə uzlaşma və bağlantıların yaradılması üçün geniş imkanlar yaradır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Həmçinin deputat Azərbaycan və Serbiya arasında məhz energetika sahəsində əməkdaşlığın getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: “Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, energetika sektoru son vaxtlar Azərbaycan-Serbiya əlaqələrində getdikcə daha böyük rol oynamağa başlayır. Artıq Azərbaycanın təbii resursları Avropa qitəsinə, o cümlədən Serbiya ilə qonşu olan ölkələrə ixrac edilir. Ölkələrimiz arasında təbii qaz və elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar mövcuddur və bu istiqamətdə müvafiq danışıqlar da aparılıb. Dövlətimizin başçısı artıq gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün konkret əməli addımların atılacağını da anonsladı. Məlumdur ki, artıq Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Serbiya da bu layihədən maksimum yararlanmaq üçün artıq özünün ötürücü sistemlərinin inşası, inkişafı yollarını müzakirə edir ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə etsin və özünün enerji benefisiarı ola biləcəyi imkanını reallaşdıra bilsin. Xüsusilə diqqətəlayiq haldır ki, Azərbaycan və Serbiya arasında həmçinin müdafiə sənayesində texnologiyalar mübadiləsi və üçüncü ölkələrin bazarlarına çaxarıla biləcək bəzi məhsulların müştərək istehsalı üzrə yeni əməkdaşlıq sahələrinin açılması da nəzərdə tutulur. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və ölkələrimiz bütün bu sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edəcəklər”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.