Novruzəli Aslanov: “Prezident İlham Əliyevin siyasəti inkişafa, intibaha, və qələbəyə hədəflənib”

“Ölkəmizdə 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərindən danışarkən ilk növbədə birmənalı olaraq demək lazımdır ki, bu seçkilər Azərbaycan xalqının və dövlətçiliyimizin milli mənafeləri baxımından 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ilə eyni tarixi əhəmiyyətə malikdir. 19 il öncə keçirilmiş seçkilərdə xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə ilk növbədə ölkəmizi nicata aparan Heydər Əliyev siyasi kursuna səs verdi. Bu seçimi ilə Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi və ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 2003-cü il oktyabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. Ulu Öndər demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ümummilli Liderimizin bu müdrik kəlamları 17 il sonra, 2020-ci ilin sentyabr-noyabr aylarında öz tarixi təsdiqini tapdı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sarsılmaz birliyə gələrək 30 il davam edən işğala son qoydu, ölkənin ərazi bütövlüyünü təmin etdi. Bununla da xalqımızın və dövlətimizin qarşısında duran ən taleyüklü məsələ öz həllini tapdı. Xüsusi olaraq bir məqamı da vurğulamaq istədim ki, mən özüm 2003-cü ilin Prezident seçkiləri ilə bağlı gedən proseslərin ölkə ictimaiyyətinin bir təmsilçisi olaraq bilavasitə yaxından iştirakçısı olmuşam. Belə ki, mən həmin seçkilərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin Prezidentliyə namizəd kimi vəkillərindən biri idim. Ümummilli Liderimizin öz namizədliyini geri götürdükdən sonra isə, biz də artıq komanda olaraq Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin vəkilləri olduq. Bu gün mən sonsuz qürur və fəxarət hissi yaşayıram ki, 19 il bundan öncə seçki kampaniyasında vəkili olduğum möhtərəm Prezidentimiz zamanı gəlincə Müzəffər sərkərdəyə, sözün əsl mənasında Azərbaycan xalqının tarix yazan qəhrəmanına çevrildi.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat Prezident İlham Əliyevin hakimiyyət illərində ölkəmizdə həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olduğunu vurğulayaraq bunları deyib: “2003-cü ilin 15 oktyabrından başlayaraq Azərbaycanda bütün sahələrdə dayanıqlı inkişafa nail olunması üçün məqsədyönlü addımlar atılmağa başlandı. Ölkə Prezidenti cənab İlham Əliyevin ilk gündən həyata keçirməyə başladığı siyasətin əsasında duran milli maraqların qorunması prinsipi dövlətin müstəqilliyinin və ideoloji dayaqlarının daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını təmin etdi. Ötən illər ərzində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda misilsiz nailiyyətlər əldə olundu. Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı olaraq gördüyü tədbirlər tezliklə öz nəticəsini verməyə başladı. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Qısa zaman ərzində ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ümumilikdə bu illər ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. İqtisadiyyatın sürətli inkişafı, Ölkə Prezidentinin təşəbbüsü ilə vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul olunmuş qanun layihələri, dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən irimiqyaslı sosial layihələr xalqın yaşayış səviyyəsinin yüksəlişini təmin etdi.”

Daha sonra N.Aslanov bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində rolunun artmasının əsasında 2014-cü ildə Trans-Anadolu və 2016-cı ildə Trans-Adriatik qaz kəmərlərinin çəkilişinə başlanmasının durduğunu qeyd edib: “1994-cü ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyasının ölkəmizə enerji sahəsində qazandırdığı uğurların davamı olaraq Azərbaycan 2014-cü ildə TANAP və 2016-cı ildə TAP qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə, qısa müddətdən sonra isə artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rola sahib olduğunu bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, 2020-ci ilin son günündə “Cənub qaz dəhlizi” layihəsinin istifadəyə verilməsi Azərbaycanın strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının, regional və beynəlxalq enerji təhlükəsizliyində rolunun artmasını, həmçinin iqtisadi və siyasi əlaqələrinin genişlənməsini şərtləndirdi. Bu gün isə Avropanı bürümüş enerji böhranı şəraitində Azərbaycanın qitə ölkələrinin enerji təhlükəsizliyində rolu xüsusilə sürətlə artmaqdadır. Bu proseslər bir daha cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin təkcə bu günün reallıqlarına deyil, həmçinin illər sonra baş verə biləcək qlobal dəyişikliklərin mənfi təsirlərinin neytrallaşdırılmasına sərrast hesablandığını sübut edir. Bu gün Azərbaycan uğurla həyata keçirilən çoxşaxəli enerji siyasəti sayəsində regional və qlobal əhəmiyyətli aktora çevrilib. Ölkəmiz enerji üzrə əməkdaşlıq əlaqələrində regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək beynəlxalq əlaqələrini də məhz bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi baxımından getdikcə daha çox böyük önəm kəsb edir.”

Həmçinin deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətini ifadə edən dəyərlər ölkəmizdə milli həmrəyliyin formalaşmasını şərtləndirib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu çoxşaxəli institusional və digər xarakterli reformalar qısa müddət ərzində idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, ölkədə vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin, əlverişli şərait formalaşdırdı. Həyata keçirilən köklü və əhatəli islahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların milli həmrəyliyin gücləndirilməsinə təkan verdi. Milli maraqlara əsaslanan strateji kursunun nəticəsi olaraq xalqımızın həmrəyliyinin daha da gücləndirilməsi Azərbaycanın qüdrətinin artmasını təmin etməklə yanaşı, ölkəmiz üçün yeni perspektivlər açdı. Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, paralel olaraq respublikamızda müxtəlif xalqların nümayəndələrinin sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, islahatlar nəticəsində siyasi qüvvələrin ümummilli məsələlərdə vahid platformada birləşməsi və digər amillər milli birliyin əsaslarını gücləndirmiş oldu. Cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.”

Sonda N.Aslanov Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatların və genişmiqyaslı tədbirlərin ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdiyini və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına güclü zəmin yaratdığını vurğulayaraq bunları deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasi kurs Azərbaycanın iqtisadi gücünün, hərbi qüdrətinin artırılmasına və nəticə olaraq torpaqlarımızın işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Əlbəttə ki, dövlət başçımızın uzaqgörən siyasətinin əsas məqsədi ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.