Novruzəli Aslanov: “Xalqımız və dövlətimiz Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi çox yüksək qiymətləndirir”

 

Məlum olduğu kimi, bu il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir və məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşləri baş tutub və hər iki ölkənin başçısı təkbətək görüşlərindən sonra mətbuata bəyanatla çıxış ediblər.
“Son üç onillik ərzində Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir”.

Bu sözləri Prezident İlham Əliyevin noyabrın 15-də Tiranada alban həmkarı ilə təkbətək görüşündən sonra aia.az-a verdiyi bəyanata münasibət bildirən Milli Məclisin üzvü Novruzəli Aslanov demişdir.

İki ölkə arasındakı əlaqələrində dinamizmi əks etdirən göstəricilərin artmaqda olduğunu qeyd edən deputat Albaniyanın dünya birliyində tutduğu mövqeyinə, statusuna dair xatırlatma vermişdir: “Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir. Prezident İlham Əliyevin Tiranada mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. Dövlətimizin başçısı işğal dövründə Ermənistana qarşı BMT qətnamələrinin 27 il ərzində icra edilməmiş qaldığını, Ermənistanın bu qətnamələrin icrasına məhəl qoymamasından, beynəlxalq ictimaiyyətin isə sadəcə olaraq, buna göz yummasından və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməməsindən danışdı. Qeyd etdi ki, orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar”.

N.Aslanov dövlətimizin başçısının Azərbaycanla Albaniya arasında əmıəkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanların olduğunu vurğuladığını qeyd etdi: “Prezident İlham Əliyev Tiranada qarşılıqlı sərmayə qoyuluşundan, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyət, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından danışdı, əmin olduğunu bildirdi ki, tərəflər bu istiqamətlər üzrə inamla addımlayaCənab Prezident Azərbaycan və Albaniyanın TAP layihəsinin üzvləri olduqlarını, Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimizin çox önəmli rol oynadıqlarını, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etdiklərini qeyd etdi, Azərbaycanın bu günə qədər qaz şəbəkəsi yaradılmayan Albaniyada bu sahədə investor kimi iştirak etmək təklifini irəli sürdü.
Deputat söhbətinin sonunda məımnunluqla qeyd edib ki, Azərbaycanla Albaniya arasında 1993-cü ilin sentyabrın 23-də qurulan münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Bu isə o deməkdir ki, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Həmçinin, Albaniyada Azərbaycan səfirliyinin açılması ilə əlaqədar müsbət məcrada müzakirələrin getməsi ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”.