Ölkəmiz çox böyük yaşıl enerji potensialına malikdir

Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın tranzit imkanları, bu sahə ilə əlaqəli yaradılan müasir infrastrukturu, region ölkələri ilə olan yüksək səviyyəli münasibətləri, eləcə də enerji layihələri haqqında ətraflı məlumat verdi. Orta Dəhliz haqqında fikir bildirərkən ölkə başçısı bu nəhəng layihədə iştirak edən ölkələr  arasında yaxşı münasibətlərin mövcud olmasına diqqət çəkdi. Məhz Orta Dəhliz layihəsinin üstünlüklərindən biri də budur. Təbii ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün ilkin şərtlərdən biri iştirakçılar arasında münasibətlərin yaxşı olmasıdır. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmiz Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb. Odur ki, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.

Panel iclasında Prezident İlham Əliyev zəruri əməkdaşlıq istiqamətlərini də öz çıxışı ilə müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi işlər aparılır. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Biznes mühitinin təkmilləşdirilməsi isə uğurun əsas amillərindən biridir.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu və bir neçə uğurlu üçtərəfli formatlar əsasında maraqlar balansının qorunub saxlanıldığını bildirdi. Ölkə başçısı Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantılarının olmadığını vurğulayaraq bu şəbəkənin də  inkişaf etdirilməli olduğunu diqqətə çatdırdı.

Panel iclasında Prezident İlham Əliyev ölkəmizin Avropa bazarına təbii qaz ixracı haqqında danışarkən bildirdi ki, bununla bağlı Avropa Komissiyasından müraciət daxil olmuş və dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlanmışdır. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda ölkəmizin 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

Azərbaycanın Avropa bazarına ixracı 2021-ci ildə təqribən 8 milyard kubmetrdən çox idi. Bu il isə ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olması planlaşdırılır. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Keçən ilin sonlarında açılmış Yunanıstan-Bolqarıstan interkonnektoru ölkəmizə Bolqarıstan və Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycanın ciddi işlər həyata keçirdiyini bildirən Prezident İlham Əliyev TANAP və TAP-ın həcminin 2 dəfə artırılmalı olduğunu və  bunun üçün isə əlavə maliyyələşmə tələb olunacağını diqqətə çatdırdı.

Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Prezident İlham Əliyev ölkəmizin yaşıl enerji ilə bağlı çox böyük potensial malik olması haqqında da danışdı. Ölkə başçısı qeyd etdi ki, Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial isə 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ümumilikdə bu potensial demək olar ki, 200 qiqavata yaxındır. Mövcud potensialdan istifadə üçün Azərbaycan artıq mücafiq işlərə başlayıb. Belə ki, keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Gücü 4 qiqavat olan bu xəttin texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.
 

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı