Ölkəmizdə idmanın inkişafı üçün bütün şərait yaradılıb

Əziz dostlar!

Bir neçə gün bundan əvvəl Minifutbol üzrə Azərbaycan yığma komandası Avropa çempionu oldu. Bu, komanda idman növündə ölkəmizin ilk böyük qələbəsi, ilk böyük uğuru idi.

Bilirsiniz ki, idman sağlam həyat tərzini təbliğ edir. Lakin idmanda qazanılan qələbələr həm də ölkəmizin beynəlxalq nüfuzunu qaldırır.

Ölkəmizdə idmanın inkişafı üçün bütün şərait yaradılıb və bu sahədə heç bir maneə də yoxdur.

Yadınızdadırsa ölkə başçısı cənab İlham Əliyev yeni idman naziri Fərid Qayıbovu təyin edərkən ölkəmizin son Tokio Olimpiadasında çıxışı ilə bağlı ciddi iradlarını bildirmiş, idman sahəsində buraxılan nöqsanların araşdırılmasını, o cümlədən ciddi təhlillər aparılmasını qarşıya vəzifə kimi qoymuşdur. Həttə bölgələrdə fəaliyyət göstərən Olimpiya Mərkəzlərinin fəaliyyətinin təftiş edilməsini bildirmişdir ki, aydınlaşdırılsın orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Ölkə başçısı cənab İlham Əliyev deyir: ”Bu infrastrukturu, bu kompleksləri biz o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin”.

Bu baxımdan Minifutbol üzrə Azərbaycan yığma komandasının Avropa çempionu olması çox əhəmiyyətlidir.

Bu qələbənin əsas məqamlarından biri odur ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər.

Bundan əlavə minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmamış, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilməmişdir.

Ona görə də bu qələbə çox böyük qiymətə layiqdir.

Legioner məsələsinə gəlincə isə onu deyim ki, peşəkar idmanda legionerlik qəbul olunmuş bir işdir. Lakin indiki şəraitdə Federasiyalar özləri sərbəst ayaq üstə dura bilmirlər və dövlətin dəstəyi ilə fəaliyyət göstərirlər. Belə olan şəraitdə əsas diqqəti yerli idmançıların yetişdirilməsinə yönəltmək lazımdır.

Onu da qeyd edim ki, son Tokio Olimpiadasında 44 idmançımızdan 22-si legioner idi və nəticə isə hamınıza bəllidir:

- son 20 ildə Olimpiyadada ilk dəfə idi ki, qızıl medalsız qaldıq.

-İlk 1996 –cı il Atlanta Olimpiadasından da aşağı yer tutduq (1996 –Atlanta -61 yer, 2020

Tokio-67 yer)

Bundan əlavə müstəqilliyimizin ilk illərində legioner idmançıların çıxışı başa düşülən idi: bizim beynəlxalq təcrubəmiz yox idi və dəvət olunan təcrübəli idmançıların beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında hər bir qələbəsi bizim milli komandalarımıza qələbə ruhu, stimul verirdi. Bu gün isə bizim öz idmançılarımız, dünya səviyyəli məşqçilərimiz, hətta istənilən Olimpiadanı təşkil edə biləcək mütəxəsislərimiz (BEGOC) var. Ölkəmizdə Könüllülük hərəkatı isə Dünyada ən yüksək səviyyədə qurulub. Biz artıq Müzəffər Dövlətin vətəndaşlarıyıq. Bəli bu gün artıq Firdovsi Umudovun, Namiq Abdullayevin, Toğrul Əskərovun, Fərid Mansurovun, Hacı Əliyevin və s. öz məktəblərinin olması gərəkdir.

Bu qələbə bir daha göstərdi ki, əgər iradə, peşəkarlıq və ən əsası Vətən sevgisi varsa hətta əlçatmaz olan nailiyyətləri də əldə etmək olar.

Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi:" Bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir."

Mən hesab edirəm ki, minifutbol ölkəmizdə daha da populyarlaşacaq, bölgələrdə də bu idman növü inkişaf edəcək, Minifutbol Federasiyası öz işini bundan sonra da ən yüksək səviyyədə quracaqdır. Artıq ölkə başçısı cənab İlham Əliyev Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi ilə bağlı sərəncam imzalayıb.

Mən komandamızı və butün futbol azarkeşlərini təbrik edirəm!

Qısa zamanda Federasiya yaradaraq böyük nailiyyət əldə edən Federasiyanın fəxri prezidenti Orxan Məmmədovu, Federasiyanın təsisçisi, çox yaxşı tanıdığım, böyük hörmətə layıq Taleh Nəsibovu, qələbə sevincini bizə yaşadan, bayrağımızı yüksəldən komandanın hər bir üzvünü, məşqçi korpusunu təbrik edirəm!

Uğurlar !

 

İltizam Yusifov,

Milli Məclisin deputatı