Philip Reeker Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker-in bu gün Cənubi Qafqaz ölkələrinə səfəri başlayır. ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Philip Reeker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

Məlumata görə, səfərin məqsədi ikitərəfli və regional prioritetlərin təşviqi və bölgədə demokratik və iqtisadi inkişafa ABŞ-ın dəstəyinin bildirilməsidir.

Məlumatda deyilir ki, Philip Reeker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə görüşəcək, aprelin 19-da Gürcüstanın siyasi partiyaları arasında imzalanmış sazişin tam tətbiqini, Gürcüstana qarşı Rusiyanın davam edən təcavüzü və işğalını müzakirə edəcək.

Dövlət Katibinin köməkçisi Ermənistan və Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşərək qarşılıqlı prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək.