Politoloq Makronun məqsədindən danışdı

“Fransa əsrlər boyu Qafqazda möhkəmlənmək, söz sahibi olmaq istəyib, ancaq onun bu arzuları heç vaxt reallaşmayıb. Ona görə ki, Fransa Qafqaza uzaq bir ölkədir". “Azerforum” xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, eyni zamanda Qafqaz xalqları ilə Fransanı birləşdirən yanlız Ermənistandır: "Hesab edirəm ki, Fransanın ermənipərəst mövqe sərgiləməsinə, Makronun bəyanatlarla çıxış etməsinə əsas səbəb Türkiyə amilidir. Türk birliyi hazırda bütün dünya dövlətlərini həm narahat edir, həm də düşünməyə vadar edir. Makron erməni lobbisi ilə hərəkət edən və eyni zamanda türklərə qarşı mövqe sərgiləyən bir siyasətçidir. Ona görə də Makronun Qafqazda möhkəmlənmək istəyi normaldır.

Rusiya-Ukrayna münaqişəsində Rusiyanın zəiflədiyini düşünən Makron Qafqazı ələ keçirmək niyətindədir. İndiki dövrdə Makronun açıq şəkildə sərt mövqe sərgiləməsinin bir neçə səbəbi var. Türkiyənin güclənməsi, həm regionda, həm də dünyada söz sahibi olması, Rəcəb Tayyib Ərdoğanın dünyada söz sahibi olması və Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe Makronun qıcıqlanmasına səbəb olur. Eyni zamanda Azərbaycanın, Azərbaycan Prezidentinin dünyadakı nüfuzu, dünya səviyyəli liderə çevrilməsi də Makron kimi bir çox dövlətlərin liderlərini də narahat edir. Dünya səviyyəli beynəlxalq tədbirlərdə Azərbaycanın Prezidenti ilə Türkiyə Prezidenti birgə görüşlər keçirib, bəyanatlar verirlər. Praqada keçirilən görüşlər Makronu daha da qıcıqlandırıb. Çünki dördtərəfli görüşlərdə Makron özünü cilovlaya bilmədi. Makron istəyir ki, Türkiyə ilə Azərbaycan bu məsələlərdə geridə dayansın. Təbii ki, Makronun planları gerçəkləşməyəcək. Fransanın Cənubi Qafqazda möhkəmlənməsi mümkün ola bilməz. ABŞ-la Fransa nə qədər müttəfiq olsa da hələ də onların arasında soyuqluq var.

Azərbaycan və Türkiyə birliyi hazırda çox yüksək səviyyədə inkişaf edir. Dünya Azərbaycanı, Türkiyəni qəbul edir. Azərbaycan qalib bir ölkədir və qaliblər də heç vaxt mühakimə olunmur. Ona görə də nəinki Makron heç bir dövlət Qafqazda sülhün, sabitliyin pozulmasına şərait yarada bilməz. Qeyd edim ki, bu gün Makronun əsas məqsədi regionda sülhün, sabitliyin pozulmasıdır. Makron bunu əldə edə bilməyəcək".