Politoloqdan NİKBİN PROQNOZ

Bir neçə gün öncə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Hələ ötən il Azərbaycan Milli Məclisi İsraildə səfirliyin açılması ilə bağlı layihəni qəbul etmişdi. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən bir il sonra İsrailin Azərbaycanda səfirliyi açılıb. Amma keçən 30 il ərzində Azərbaycanın İsraildə səfirliyi açılmamışdı. Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan tarixində ilk dəfə idi ki, belə bir prosses baş verir.

“İsrail-Azərbaycan münasibətləri çox yaxşıdır. Uzun illərdir dostluq, qardaşlıq münasibətləri var. Ancaq, müəyyən məsələlərə görə İsraildə Azərbaycanın səfirliyi yox idi. Bunun da təbii ki, özünəməxsus səbəbləri var idi.
Bir müddət əvvəl Azərbaycan Parlamenti ölkəmizin İsraildə səfirliyinin açılması ilə bağlı məsələni təklif elədi və cənab prezident tərəfindən İsrailə yeni səfir təyin olundu. Bu prosedur qaydasıdır. Bütün ölkələrdə olan səfirliklərimiz ilə bağlı Azərbaycan Parlamenti qərarı təsdiq etməlidir. Bu yaxınlarda müvafiq qərar təsdiq olundu. Təbii ki, bu Azərbaycan xalqı və İsrail xalqı tərəfindən alqışlandı. Azərbaycan və İsrail xalqları dost xalqlardır. Azərbaycanda digər xalqlarla yanaşı yəhudi əsilli vətəndaşlarımız da çoxluq təşkil edir. İstər beynəlxalq təşkilatlarda, istər xalqlarımız arasında münasibətlərdə İsrail ilə Azərbaycan arasında anlaşılmayacaq bir məsələ yoxdur. Münasibətlər çox yüksək səviyyədədir. Ölkə başçıları səviyyəsində münasibətlər dostluq, qardaşlıq münasibətləridir. Biz digər ölkələrlə münasibətlərimizi saxlamaqla yanaşı, eyni zamanda qonşu dövlətlərimizlə də münasibətlərimizi yaxşı saxlayırıq. Azərbaycanla İsrail və digər ölkələr arasında münasibətlər həmişə yaxşı olub”.

Politoloqun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı uğurdan sonra daha inamlı səviyyədə, beynəlxalq aləmdə, digər ölkələrlə münasibətlərdə rahat şəkildə addım ata bilir.

“Azərbaycanın ən böyük problemi Qarabağ, ərazi bütövlüyümüzün təmin olunmaması idi. Ermənistan-Azərbaycan münaqişəsi və ərazilərimizin erməni hərbi birləşmələri tərəfindən zəbt olunması illərdir bütün vətəndaşlarımızən ən ağır acısı idi. İranla İsrail arasında münasibətlər düşmənçilik mövqeyindədir. Biz bir tərəfdən də İranla qonşuyuq və İranla münasibətlərimiz yaxşı idi. Eyni zamanda İsrail ilə dostluq, qardaşlıq münasibətləri var. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Bütün bu balanslaşdırma siyasətinin nəticəsi idi ki, biz İsraildə uzun illərdir ki, səfirlik açmaqda bir az çətinlik çəkirdik. Bunu da İsrail çox yaxşı başa düşürdü. Çünki Azərbaycanın çox böyük bir problemi var idi. Qarabağ problemi… Torpaqları düşmən tapdağı altında idi və İran da bizlə düşmən olan Ermənistanla açıq şəkildə deyil, qapalı da olsa münasibətlərini və dəstəyini saxlayırdı. Biz əgər həmin vaxt İsraildə səfirlik açsaydıq, açıq-aşkar münasibətlərimizi bu səviyyəyə qaldırsaydıq, təbii ki, onda İran daha kəskin addım atacaqdı, necə ki, indi atır. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Buna görə də İsraildə Azərbaycan səfirliyinin indi açılması məqsədəuyğundur".

Politoloq təklif edir ki, İsrailin Azərbaycanda səfirlikdən başqa konsulluğu da açılsın. Eyni zamanda, Azərbaycanın İsraildə diaspor təşkilatlarının sayını artırılsın.

"Bizim bəzi bölgələrimizdə, xüsusən də cənub bölgəsində İsrailin konsulluğu, nümayəndiliyi, İsrail evi açılsın. Lazım olan dairələrə, lazım olan güclərə, qonşularımıza bir növ bizim də bir mesaj verməyimiz lazımdır. Zəngilanda, ya Cəbrayılda bizim işğaldan azad etdiyimiz torpaqlarımızda “ İsrail evi” və ya İsrail konsulluğu açılsa və istifadəyə verilsə bu çox doğru və gözəl bir addım olar".

Ekspert hesab edir ki, gələcəkdə bu da baş tutacaq.