“PRAQA BƏYANATI CƏNAB PREZİDENTİN DİPLOMATİK ZƏFƏRİ İDİ”

“Praqada keçirilən görüşlər, əldə edilən razılaşmalar Azərbaycan Prezidentinin növbəti diplomatik zəfəridir. Çünki dördtərəfli keçirilən 5 saatlıq görüşün yekununda masada əleyhimizə hansısa bənd olmadı. Nə Minsk Qrupu, nə status mövzusu gündəmə gəldi, ərazi bütövlüyünün qarşılıqlı tanınması haqda bəyanatlar oldu, noyabrda Brüssel görüşündə isə daha ciddi irəliləyiş olacağını gözləyirik”.

Bu sözləri TİA.Az-a millət vəkili Məşhur Məmmədov Praqada baş tutan Əliyev-Paşinyan-Mişel Makron görüşünün nəticələri haqda danışarkən bildirib. Onun sözlərinə görə, cənab İlham Əliyev yenə qalib lider kimi Avropa paytaxtına getmişdi və masada milli maraqlarımızın yüksək səviyyədə qorudu. Deputat hesab edir ki, orada Əliyev-Ərdoğan tandemi, Azərbaycan-Türkiyə birliyi bütün Qərb liderlərinin diqqət mərkəzində idi: “Paşinyan yaxşı anlayır ki, Rusiyanın təsirini azaltmaq və problemlərdən qurtuluş yolu Türkiyə və Azərbaycanla münasibətləri qurmaqdan keçir. M. Məmmədovun fikrincə, sülhə bir qədər də yaxınlaşdıq:” Avropa Siyasi Birliyi Praqada keçirilən toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər.
Ermənistan və Fransa bəyanata Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı cümlə saldıra bilməyiblər. Rusiyadan sonra Fransa da Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadığını etiraf edib. Bunun əvəzinə cənab İlham Əliyev deyib ki, rəsmi Bakı Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır. Cənab İlham Əliyev görüşdən sonra mətbuata verdiyi açıqlamada onu da deyib ki, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar, əks halda ölkəni tərk etməli olacaqlar. Təmaslarda Qarabağın erməni əhalisi kimlər təmsil edəcək? Əlisilahlı separatçılarla təmaslara getmək olmaz, bu onların tanınması anlamına gələr, danışıqlarda erməniləri təmsil edən nümayəndələr mülki əhali arasından seçilməlidir.
Praqada dördlü format çərçivəsində görüşün nəticələri Azərbaycanın maraqlarına uyğundur və hərb meydanında qələbəni diplomatiyada davam etdiririk”.