Prezident İlham Əliyevin baxışlarında Azərbaycanın yeni nəsli

Müasir dünyada dövlətlərin davamlı inkişafı, milli təhlükəsizliyi və qlobal rəqabət qabiliyyəti birbaşa gəncliyin intellektual, mənəvi və vətəndaşlıq potensialı ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Dövlət başçısının səsləndirdiyi fikirlər yalnız ötən ilin siyasi və hərbi yekunlarının təhlili deyil, eyni zamanda Azərbaycanın gələcəyini quracaq gənc nəslə ünvanlanmış strateji yol xəritəsidir.

Prezident İlham Əliyev müsahibəsində açıq şəkildə bəyan edir ki, 2025-ci il Azərbaycan tarixində sülhə keçid ili kimi qalacaq. Bu sülh reallığı isə yeni bir nəsli – müharibə yox, quruculuq, inkişaf və tərəqqi dövründə formalaşacaq gəncliyi yetişdirir. Məhz bu gənclik Azərbaycanın qarşıdakı onilliklərdə regional və qlobal mövqeyini müəyyən edəcək əsas qüvvədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı onilliklər boyu müharibə şəraitində yaşamışdır. Bu reallıq bir neçə nəsil azərbaycanlının düşüncə tərzinə, psixologiyasına və həyat fəlsəfəsinə təsir göstərmişdir. Bu gün isə yeni bir mərhələ başlanır – sülh şəraitində yaşamağı öyrənən cəmiyyət və bu şəraitdə yetişən gənclik. Sülh dövrünün gənci artıq səngər psixologiyası ilə deyil, inkişaf, bilik, yaradıcılıq və təşəbbüskarlıq ruhu ilə formalaşmalıdır.

Prezident İlham Əliyev bu reallığı dərk edərək gənclər qarşısında yeni məsuliyyətlər qoyur: güclü dövlətin varisi olmaq, onu qorumaq və daha da inkişaf etdirmək. Dövlət başçısı müsahibəsində dəfələrlə vurğulayır ki, sülh yalnız güclü dövlətlər üçün mümkündür. Bu fikir gənclər üçün son dərəcə mühüm ideoloji mesajdır. Güclü ordu, güclü iqtisadiyyat, güclü diplomatiya – bütün bunların təməlində isə savadlı, vətənpərvər və məsuliyyətli gənclik dayanır. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycan heç vaxt gücsüz olmamalıdır. Bu güc təkcə silah və texnika ilə ölçülmür. Bu güc intellektual potensial, elm, təhsil, texnologiya və milli şüurla ölçülür. Məhz bu səbəbdən gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin müsahibəsində ən çox diqqət çəkən mövzulardan biri elm və təhsildir.

Dövlət başçısı qəti şəkildə bəyan edir ki, inkişaf etmiş ölkələrin gücü neft və qazda deyil, zəka və elmdədir. Bu fikir gənclər üçün həm xəbərdarlıq, həm də motivasiya xarakteri daşıyır. Son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaradılması, xarici universitetlərlə birgə layihələrin icrası dövlətin bu sahəyə verdiyi önəmin bariz göstəricisidir. Prezident İlham Əliyev gənclərə açıq mesaj verir: “bilik ən böyük sərmayədir və bu sərmayə yalnız əməklə, zəhmətlə qazanılır”. Gənclər üçün bu, o deməkdir ki, dövlət imkan yaradır, lakin nəticə gəncin öz iradəsindən, çalışqanlığından və məsuliyyətindən asılıdır. Prezident İlham Əliyev müsahibəsində kadr islahatlarına xüsusi yer ayırır.

Dövlət başçısı açıq şəkildə bildirir ki, müasir dövr müasir kadrlar tələb edir. Bu isə gənclər üçün real imkan pəncərəsi açır. “Yüksəliş” proqramı, xaricdə təhsil almış gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi, gənc mütəxəssislərin rəhbər vəzifələrə irəli çəkilməsi gəncliyə olan etimadın göstəricisidir. Prezidentin 22 illik idarəçilik təcrübəsinə əsaslanan bu yanaşma gənclər üçün açıq mesajdır: savadlı, vicdanlı və vətənə bağlı olan hər bir gəncin yolu açıqdır. Prezident İlham Əliyevin müsahibəsində sosial siyasətə geniş yer ayrılır. Minimum əməkhaqqının dəfələrlə artırılması, sosial islahat paketləri, təhsil və səhiyyəyə ayrılan vəsaitlər gənclərin gələcək rifahının təminatıdır. Xüsusilə şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqət gənclərə dövlətin vətəndaşına münasibətini açıq şəkildə nümayiş etdirir.

Bu siyasət gənclərdə dövlətə inam, ədalət hissi və məsuliyyət duyğusu formalaşdırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün azad edilmiş ərazilərdə artıq on minlərlə insan yaşayır. Qarabağ və Şərqi Zəngəzur gənclər üçün yeni imkanlar məkanıdır. Burada qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları gənclərin müasir həyat tərzinə uyğun şərait yaradır. Bu ərazilər yalnız keçmişin yaralarını sağaltmaq üçün deyil, gələcəyin gənclərini yetişdirmək üçün nəzərdə tutulur. Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri xüsusilə gənclərə ünvanlanmış çağırışdır. Dil milli kimliyin əsas sütunudur və onun qorunması birbaşa gənclərin üzərinə düşür. Qloballaşma şəraitində ana dilinə laqeydlik milli kimliyin zəifləməsinə gətirib çıxara bilər.

Prezident İlham Əliyevin bu mövzuda jurnalistlərə, ziyalılara və gənclərə ünvanladığı çağırış milli şüurun qorunmasına xidmət edir. Prezident İlham Əliyevin Vətən Müharibəsi ilə bağlı xatirələri gənclər üçün dərin mənəvi dərsdir. Torpaq anlayışının şəhid qanı ilə ölçülməsi, hər qarış yerin mənəvi dəyəri gənclərə vətənpərvərliyin əsl mahiyyətini anlatır. Bu gün gənclərin vəzifəsi müharibə aparmaq deyil, amma hər an Vətəni qorumağa hazır olmaqdır – biliklə, əməklə, vicdanla. Prezident İlham Əliyevin müsahibəsi gənclər üçün təkcə siyasi bəyanatlar toplusu deyil. Bu müsahibə bir dövlətçilik dərsi, bir məsuliyyət çağırışı və bir gələcək manifestidir. Azərbaycan gəncliyi bu gün tarixinin ən məsuliyyətli mərhələsinə qədəm qoyur. Güclü dövlət, sülh, inkişaf və milli birlik bu gəncliyin çiyinləri üzərində qurulacaq. Dövlət imkan yaradır, yol göstərir, dəstək verir. İndi söz gənclərindir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı
Adil Adilzadeadlı istifadəçilərə nəsə yazın