Prezident İlham Əliyevin Şuşadan dünyaya növbəti sülh mesajı

Təqvimin təkcə 8 Noyabr Günü deyil, torpaqlarımızın işğaldan azad olunan hər gününün adı zəfərdir. Bu zəfərlə, bu qələbə ilə qalib ordumuz ərazilərimizi düşməndən təmizlədi, keçmiş məcburi köçkünlərimizin yurd həsrətinə son qoymaqla bərabər, həm də milli hissiyatımızı, qürürumuzu özümüzə qaytardı. İndi bütöv, xoşbəxt Vətənimizin hər günü bayramdır.

Zəfər qalasında Ali Baş Komandan İlham Əliyevin qəhrəman hərbçilərlə görüşü və çıxışı Azərbaycanın möhtəşəm qələbə qürurunun növbəti təntənəsi oldu. Prezidentin bu çıxışı mahiyyəti etibarı ilə həm 44 günlük Vətən savaşının xronologiyası, həm də postmüharibə dövründə dövlətimizin strategiya və hədəflərinin ifadəsi kimi diqqət çəkdi. Dövlətimizin başçısının çıxışında xüsusi nəzərə çarpan əsas məqam ruhumuzun, mədəniyyətimizin paytaxtı Şuşanın azadlığa qovuşması ilə bağlı idi. Savaş günlərində verdiyi açıqlamalara toxunan Ali Baş Komandan bu qala-şəhərin həmin vaxt xilas edilməsinin əsas məqsəd, vəzifə olduğunu bir daha bildirdi.

Prezident İlham Əliyevin müharibənin gedişində verdiyi müsahibələrin birində “Şuşasız bizim qələbəmiz yarımçıq qalar” deməsi Vətənin azadlığı uğrunda başlanan savaşın son məqsədinin məhz mənəvi mərkəzimiz saydığımız şəhərin azad olunması idi. Çünki Şuşa milli-mədəni irsimizin əvəzsiz incisi, Qarabağın tacı olmaqla bərabər, həm də elə bir strateji mövqeyə malikdir ki, faktiki onun azadlığa qovuşması müharibənin taleyinin həll olunması demək idi. Məhz bu səbəbdən Şuşanın düşməndən təmizlənməsindən cəmi bir gün sonra düşmən kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.

Müharibədən sonrakı dönəm haqqında danışan dövlət başçısı bir daha Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, düşmən ölkənin imzası ilə təsdiqlədiyi prinsiplərdən yayındığını, Naxçıvan Muxtar Respublikası ilə quru sərhədin bu günədək açılmamasının sırf Ermənistanın yayğın siyasətinin nəticəsi olduğunu dedi. Prezident İlham Əliyev çıxışında, həmçinin  belə qeyri-müəyyən vəziyyətin uzun müddət davam etməyəcəyini də qətiyyətlə vurğuladı.    

Ali Baş Komandan qalib ordu qarşısında bütün dünyaya bildirdi ki, ölkəmiz sülh tərəfdarı olsa da, düşmən ölkə bunu dəyərləndirməsə, onu sülhə və götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün dövlətimizin gücü və qüdrəti var.

Ermənistanın 44 günlük hərbi-siyasi darmadağından sonra revavanşizm cəhdlərinin arxasında xarici qüvvələrin dayandığını açıq bildirən Prezident İlham Əliyev bu məsələdə də dövlətimizin sərt və barışmaz mövqeyini diqqətə çatdırdı.    

Rus sülhməramlılardan tutmuş, bəzi dövlətlərin  təxribatçı qüvvələrinədək Ermənistanın güvəndiyi bütün mövqelərin əbəs olduğunu söyləyən dövlət başçısı bu ümidlərin də puça çıxacağını qeyd etdi.  

Ermənistanın təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına yönələn təcavüzkar siyasət apardığı, məscidləri dağıtdığı, müqəddəs ziyarətgahları təhqir etdiyi artıq bütün dünyaya bəllidir. Belə bir işğalçıya, Xocalı soyqırımı kimi dəhşətli hadisəyə imza atan dövlətə qucaq açan müsəlman ölkəsinə Prezident İlham Əliyevin qiyməti də qısa və sərt oldu: 

“ Bu, riyakarlıqdır, bu, satqınlıqdır”.

Ölkə rəhbəri çıxışında böyük qələbəmizin təməlində duran milli birlik və vətəndaş həmrəyliyini də yüksək dəyərləndirərək, Azərbaycanda aparılan dövlət siyasəti nəticəsində respublikada yaşayan  bütün xalqların milli və dini mənsubiyyətindən asılı olmayaraq, böyük bir ailəyə çevrildiyini xatırlatdı. Prezident bu birliyi dünya miqyasında nadir dəyər kimi vurğuladı. Daxili çaxnaşma və etnik qarşıdurmalar burulğanında olan müasir dünyada Azərbaycanın məhz bu milli birlik, bu vəhdət sayəsində sabitlik və inkişaf ölkəsinə çevrildiyini diqqətə çatdırdı.

Bir sözlə, Prezidentin Zəfər Gününün ikinci ildönümündə qələbəmizin simvoluna çevrilmiş Şuşadakı tarixi çıxışı bir daha Azərbaycanın regional gücünü və dövlət maraqlarını təmin etmək qüdrətini təsdiqlədi.  Ali Baş Komandan İlham Əliyev bu gücü və qüdrəti növbəti dəfə bütün dünyaya çatdırdı.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı, 
YAP İdarə Heyətinin üzvü