Prezident İlham Əliyevin yaratdığı yeni status-kvo sülh və təhlükəsizlikdir

Vaşinqtonda imzalanan birgə bəyannamə sülh müqaviləsi istiqamətində atılan ən mühüm addımdır. Bu, Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ölkə başçısı bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan çətinliklərə baxmayaraq, ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməyi bacardı.

Bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi sessiyasında Milli Məclisin komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində döyüş meydanında qələbə qazanaraq Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqlarımızı geri qaytardıq: "Eyni zamanda, bu epoxal nailiyyəti hüquqi cəhətdən rəsmiləşdirdik. Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi, xalqla birliyi və qətiyyətli mövqeyi bütün ölkələrin liderləri tərəfindən hörmətlə qarşılanır. Hər kəs aydın şəkildə görür ki, onun üçün xalqımızın və dövlətimizin maraqları birinci yerdədir.

O, təkcə siyasi baxımdan deyil, eyni zamanda şəxsi keyfiyyətləri - uzaqgörənliyi, prinsipiallığı və xalqına bağlılığı ilə dünya liderlərinin, eləcə də beynəlxalq ictimaiyyətin dərin hörmətini qazanıb. Azərbaycan sübut etdi: Cənubi Qafqazda sülh yalnız ədalətin bərpasından sonra mümkündür. Bir çox dairələr, qüvvələr, təşkilatlar maneə olmaq istəsələr də, ölkəmiz öz gündəmini - sülh, qonşuluq və quruculuq planını reallaşdırır”.

Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin yaratdığı yeni status-kvo sülh və təhlükəsizlikdir: “Vaşinqtonda əldə olunan tarixi nəticələr - sülh sazişinin paraflanması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizinin açılması, bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz bir neçə il əvvəl qeyri-mümkün görünən tektonik dəyişiklikləri yaşayır. Bu gün region uzun sürən münaqişənin davamlı sülh və mehriban qonşuluq mərhələsinə qədəm qoyur”.