Prezidentin verdiyi mesajlar, sülhə və əməkdaşlığa çağırışdır

Cənab Prezident Qərb bölgəsinə səfəri çərçivəsində bir sıra mühüm əhəmiyyətə malik olan sosial obyektlərin açılışında və təməl qoyulmasında iştirak edib. Eyni zamanda dövlət başçısı yaradılan infrastruktur və digər zəruri layihələrlə tanış olub. Sözsüz ki, ölkə rəhbərinin bölgələrə hər səfəri mühüm sosial obyektlərin, yeni iş yerlərinin, infrastruktur layihələrinin istifadəyə verilməsi ilə yadda qalır. Həmçinin dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonrakı dövr üçün ölkəmizdə və regionda baş verən siyasi, ictimai məsələlərə də münasibət bildirib.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Prezident Dövlət Televiziyasına verdiyi müsahibədə bir sıra mühüm məqamlara toxunub, əhəmiyyətli mesajlar verilib: “44 günlük Vətən müharibəsindən öncə edilən bir sıra çağırışların Azərbaycan və region üçün mütərəqqi addımların əhəmiyyətinə toxunulub. Artıq bölgədə yeni bir reallıq yaranıb. Ölkəmiz dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Bölgədə sülhə təhlükə yaradan problem aradan qalxıb. İşğalçı dövlətə məğlubiyyətə uğradılıb. Separatizmə sarsıdıcı zərbə vurulub. Bütün dünya Azərbaycanın öz əraziləri daxilində həyata keçirdiyi haqlı mübarizəni qəbul edib. 44 günlük müharibədən sonrakı dövrdə isə proseslər siyasi müstəviyə keçib. Artıq atılan addımlar aparılan müzakirələr sülhə və təhlükəsizliyə töhvə vermək, bölgə xalqlarının rifahına hesablanır. Çünki Cənubi Qafqaz regionunda qarşılıqlı əməkdaşlığın ən vacib əlamətlərindən biri məhz sülh və təhlükəsizlikdir. Məhz sülh şəraitində ölkələrin və xalqların rifahı üçün zəmin yarana bilər. Əks halda bu regionda daha böyük təlatümlərin olması da qaçılmaz olar”.

Deputatın fikrincə cənab Prezidentin toxunduğu mühüm məsələlərdən biri də “status” və beynəlxalq birliyin bu məsələyə münasibəti ilə bağlı olub: “Cənab Prezident bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü daxilində heç bir “statusdan” söhbət gedə bilməz. Dövlət rəhbəri bununla bağlı konkret mövqenin olduğunu və tarixin arxivinə atılmış məsələlərlə bağlı bundan sonra fikir yürüdülməsinin əhəmiyyətisliyi önə çəkildi. Beynəlxalq birliyin yanaşmaları, işğala məruz qalanla, işğalçıya eyni gözlə baxmaq ənənəsinin bu gündə davam etdiyi vurğulandı. Sözsüz ki, bu da açıq şəkildə ikili standartların növbəti təzühürü hesab olunur. Bu baxımdan ölkə Prezidenti Ermənistanla Azərbaycana olan yanaşmalarda parallelik aparmağa çalışan qüvvələrə və dairələrə də açıq mesajlar ünvanlandı”.

Cavid Osmanov Vətən müharibəsindən sonra azad olunmuş ərazilərdə dövlət başçısının birbaşa diqqəti ilə aparılan quruculuq, abadlıq işlərinin və yaranacaq kommunikasiya xəttlərinin bölgə xalqları üçün əhəmiyyətinə toxunub: “Zəngəzur dəhlizinin reallaşması bu regionda yeni bir canlanma yaradacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla və türk dünyası ilə birbaşa təmasların qurulması mümkün olacaq. Sözsüz ki, bu infrastruktur Ermənistanın özü üçün də vacib ola bilər. Çünki işğal siyasətinə görə, bölgədəki əməkdaşlıqdan kənarda qalmış bir dövlət üçün Zəngəzur dəhlizinin və bunun yaradacağı yeni imkanlar nəfəslik funksiyası daşiya bilər. Əks halda isə bu dövlətin varlığı sual altına düşəcək”.