“Prosesə din xadimlərini cəlb etməliyik” 

Real həyatın virtuala daşınması sosial şəbəkələrdə kriminala da geniş imkanlar yaradıb. Ən pisi isə odur ki, internet üzərindən narkotiklərin satışı sürətlə genişlənir. Narkomafiyaların internetin imkanlarından narkotik satışının təşkili üçün istifadəsi artıq acı reallıqdır.
Təssüf ki, narkotik satışı yalnız paytaxtda deyil, bölgələrə də geniş ayaq açıb. Bu da mövcud vəziyyətin olduqca təhlükəli olmasından xəbər verir.

Vəkil Aslan İsmayılov məsələ ilə bağlı Feysbuk hesabında yazıb:

“"Narkomaniyanın qarşısını almaq üçün anonimlik təmin olunmalıdır. Xüsusi bir qaynar xətt açılmalıdır. Anonimliyə təminat verilməlidir ki, vətəndaşlar müraciət etsinlər. Hamı gözəl bilir ki, küçədə, həyətdə narkotiki kim satır. Yalnız dövlət qurumları yox, vətəndaş cəmiyyəti də narkomaniyanın qarşısını almaq üçün səfərbər olmalıdır".

Sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, narkomaniyanın geniş yayılmasının günahını hansısa təşkilatların üzərinə atmaq düzgün deyil:

“Hüquq mühafizə orqanları prosesə nəzarəti həyata keçirir. Amma onların içindəki şəxslər də narkotiklərin yayılmasına köməklik edirlər. Dünyanın bütün ölkələrində bu proses geniş vüsət alıb. Çalışmalıyıq ki, cəmiyyətin özü mübarizə aparsın. 30 il öncə belə problemləri həll edəndə daha çox inzibati yollara üstünlük verilirdi. Amma cəmiyyət günü-gündən mürəkkəbləşib həssaslaşdıqca, insanların informasiyası artdıqca problemi inzibati yollarla tənzimləmək mümkün deyil. Effektiv tədbirlərin görülməsi üçün ölkəmizdə çox güclü sosial işçi şəbəkəsi yaradılmalıdır. Belə işçilər olduqda cəmiyyətdəki narkotiklə bağlı duruma ictimai nəzarəti gücləndirə bilərik”.

Sosioloqun fikrincə, elə etmək lazımdır ki, əhalinin özü narkotiklə mübarizə prosesinə qoşulsun:

“İnsanları məcbur etmək mümkün deyil. Çünki cəmiyyət mürəkkəbləşib. Kimisə qorxutmaqla nəticə əldə etmək olmaz. Rayonlarda narkotik təbliği genişlənibsə, deməli, bu işi həyata keçirən satış şəbəkələri xeyli aktivləşiblər. Ona görə də prosesə din xadimlərini cəlb etməliyik. Din xadimləri elə bilirlər ki, işləri ancaq ölü basdırmaq və hüzn mərasimlərini keçirib pul qazanmaqdır. Ancaq ölkənin mənəviyyatla bağlı məsələlərində də yaxından köməklik göstərməlidirlər”.