Pyatiqorsk şəhərində Türkiyədə zərərçəkənlərə yardım kampaniyası davam edir

Rusiya Federasiyasının Pyatiqorsk şəhərində Azərbaycan milli – mədəni muxtariyyəti “Araz”ın təşkilatçılığı ilə Türkiyədə baş verən dəhşətli zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına başlanılıb. 
 "Sabahinfo.az" xəbər verir ki, “Araz”ın sədri Təhmasib Zeynalov fevralın 8-də Şimali Qafqazda yaşayan həmvətənlərimizə Türkiyədə baş verən təbii fəlakətlə bağlı videomüraciət edib: "Biz hər birimiz qardaş Türkiyədə baş verən hadisələrdən xəbərdarıq. Odur ki, düşünürəm biz bu hadisələrə biganə qalmamalıyıq. Öz qardaşlıq, ən azı insanlıq borcumuzu yerinə yetirməliyik. Bildiyimiz kimi, bu hadisəyə bütün dünyada yaşayan insanlar biganə qalmayıb və yardımlarını əsirgəmirlər. Bu faciəyə əsrin faciəsi demək olar. Biz də buna biganə qalma bilmərik. Qərara gəldik ki, bu gündən yardımlarınızı əsirgəməsiniz. Yığım mərkəzi Pyatiqorsk şəhərində Azərbaycan Evidir".
Təhmasib Zeynalovun bu müraciətindən sonra soydaşlarımız tərəfindən zəlzələdən zərərçəkənlər üçün humanitar yardım (yataq dəstləri, geyimlər, qida və gigiyenik vasitələr, generator və s.), həmçinin pul vəsaiti toplanıb. Artıq ilkin olaraq yardımlar qardaş ölkəyə yola salınıb.   
Hazırda yardım kampaniyası davam edir.