“Qadın dünyası” İctimai Birliyinin “Regionlarda qadınlarla iş” layihəsi başa çatıb “Qadın dünyası” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda qadınlarla iş” layihəsini uğurla başa çatdırıb. Layihənin əsas məqsədi Qarabağ regionunda, o cümlədən Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi müstəqilliklərinin gücləndirilməsinə dəstək göstərmək olub.
Layihə çərçivəsində Xankəndi şəhəri, Laçın, Ağdam, Xocalı və Suqovuşanda yaşayan qadınların iştirakı ilə müxtəlif mövzularda təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılara sahibkarlıq, məşğulluq və iqtisadi imkanların genişləndirilməsi istiqamətində faydalı məlumatlar təqdim olunub.
Tədbirlərdə iştirak edən qadınlar əldə etdikləri yeni biliklərlə yanaşı, onları narahat edən məsələləri səsləndirib, təklif və fikirlərini bölüşüblər. Layihənin nəticələrindən müxtəlif sahələrdə çalışan, həmçinin yeni biznes qurmaq və mövcud bizneslərini genişləndirmək istəyən 100-dən çox qadın faydalanıb.
Təlimlər psixoloq-həkim Əli Nağıyev, peşəkar təlimçilər Tural İsaqov, Sevinc Ədilova və Rəqsanə Camalova tərəfindən həyata keçirilib.
Təlimlərdə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Ədibə Quliyeva və Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev iştirak ediblər.
Layihənin həyata keçirilməsinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları və Qarabağ Təlim Mərkəzinin rəhbərliyi dəstək göstərib.
“Qadın dünyası” İctimai Birliyinin həyata keçirdiyi layihə Qarabağ regionunda qadınların iqtisadi fəallığının artırılması, onların yeni bilik və bacarıqlar əldə etməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sosial-iqtisadi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.

