Qadınlara sevgi, diqqət bayramı

Prezident İlham Əliyev: “Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir”

 Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq bayramlar kimi 8 Mart - Beynəlxalq Qadınlar Günü bayramı da dövlət səviyyəsində keçirilir. Nəzərə çatdıraq ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi Azərbaycanda qeyd olunmağa başlanıb. İlk dəfə isə Azərbaycanda bu bayram 1917-ci ildə qeyd olunub.1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmayıb. Hazırda da Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda iş günü hesab olunmur. Əlbəttə ki, Beynəlxalq Qadınlar Gününün tarixinə baxdıqda siyasi mahiyyət daşıdığını görürük. Tədricən isə bu bayram öz siyasi mahiyyətini itirməyə başlayıb. 8 Mart - Beynəlxalq Qadınlar Günü qadınlara sevgi, diqqət bayramı kimi qeyd edilir.

Bu gün Azərbaycanda qadınlara zərif cinisin nümayındələri olaraq xüsusi diqqət göstərilir. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”. Ümummilli lider qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilirdi.

Qadın siyasətini dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına güclü stimul vermişdi. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur; Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

Azərbycan kişiləri ətrafdakı qadınlara diqqət və qayğılarını daima nümayiş etdirirlər. Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik etməsi bu diqqətin bariz nümunəsidir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”. Təbrikdə bildirilir ki, Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər: “Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”.

Azərbaycan qadınının ləyaqəti, öz ailəsinə sədaqəti milli mentalitetimizin özünəməxsus xüsusiyyətidir. Adət-ənənəmizə, ailəyə sədaqət nümyiş etdirən Azərbaycan qadını ictimai-siyasi həyatda da öz sözünü deyir, iradə və mübarizlik göstərir.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi