“Qafqaz pələngi” idman həyatının 30 illiyini qeyd etdi

Təqvimin 30 noyabr səhifəsi Beynəlxalq Əlbəyaxa Döyüş Növlərinin Azərbaycan nümayəndəliyinin rəhbəri, 6 qat Dünya, 2 qat Avropa çempionu Səməd İbrahimov üçün əlamətdar gündür. Səməd İbrahimov düz 30 il əvvəl, məhz həmin gün ilk dəfə idmanın karate-do növü üzrə məşqlərə başlayıb. Tanınmış məşqçi-müəllimin idman həyatında əlamətdar olan bu tarix münasibətlə dostlarının iştirakı ilə tədbir düzənlənib.

Tədbirdə iştirak edən qonaqlar sırasında ilahiyyatçı, ictimai xadim, tele-ekspert hacı Təyyar Hüseynli, Nümayəndəliyin vitse-prezidenti Vüsal İbrahimov, Nümayəndəliyin mətbuat katibi Orxan Rzazadə, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş 052 saylı hərbi hissənin ehtiyatda olan qazi zabitləri, hal-hazırda Səməd müəllimin məşqçilik etdiyi idman zalının daimi tələbələri Şəmsəddin Qurbanov və Kamil Qafarov, fitness üzrə məşqçi Zaur müəllim, kik-boksinq üzrə əməkdar məşqçi Namiq Hacıyev, Dünya və Avropa mükafatçısı Mirhəbib Mireyubov, fəal tələbələrdən dostlar Ağa Malik, Elşad, Əsəd Hüseynli Əsəd və başqaları olmuşlar.

Səməd İbrahimov karate-do üzrə ilk məşqçisi Həsən Şərifovu, kontakt-karate versiyası üzrə məşqçiləri olmuş Əzim müəllimi, Sədrəddin müəllimi, Kontakt Karate Federasiyasının sədri Mirəli Seyidovu, taekvondo üzrə məşqçisi Yaşar müəllimi, sərbəst güləş müəllimləri hacı Ramizi, İslam müəllimi, Minbudaq müəllimi minnətdarlıq hissi ilə xatırlayıb. Yada salıb ki, Azərbaycanda Pankration Federasiyası təsis ediləndə bu idman növü üzrə ilk məşqçilərdən olub, öz məşqçisi isə Pankration Federasiyasının prezidenti Azad Əsgərov olub.

Hazırki fəaliyyəti barədə danışan Səməd İbrahimov bildirib ki, Əlbəyaxa Döyüş Növlərinin Azərbaycan Nümayəndəliyinə rəhbərlik etməklə yanaşı, “RS” fitnes mərkəzinin direktorudur, eyni zamanda Daxili İşlər Nazirliyi Nəsimi Rayon Mühafizə İdarəsinin idman üzrə təlimatçı-inspektoru vəzifəsində işləyir.

Qarşıdakı perspektivlərdən söz açarkən, qeyd edib ki, 2009-cu və 2012-ci illərdə qalib gəldiyi erməni idmançı ilə 2025-ci ildə Almaniyanın Hagen şəhərində yenidən revanş döyüşünə çıxmağa hazırlaşır.

“Qafqaz pələngi”  ləqəbi ilə tanınan məşqçi həyatda və idmanda əldə etdiyi nailiyyətlərinə görə valideynlərinə, idmanımızın böyük qayğıkeşi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, daxili işlər naziri cənab Vilayət Eyvazova, idarə rəisi cənab Nazim Həsənova, ona dəstək duran bütün dostlarına dərin minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları çıxışlarında vurğulamışlar ki, gözəl insan, nümunəvi ailə başçısı, qayğıkeş ata, peşəkar idmançı kimi nümunəvi, sağlam  həyat tərzi keçirən Səməd İbrahimov yeniyetmə və gənclərə vətənpərvərlik hissləri aşılayır, narkomaniyaya, zərərli vərdişlərə qarşı mübarizə müstəvisində əhəmiyyətli işlər görür. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyük olmağı bacaran Səməd pəhləvanın çalışdırdığı bütün şəxslər bir qayda olaraq onun timsalında özlərinə etibarlı dost-sirdaş tapmış olurlar. Bir şərtlə ki, düşmən qarşısında qaya kimi sərt, dost qarşısında səhər mehi kimi həzin olan Səmədin təlim sahəsində tələblərinə, intizama riayət edəsən. Çünki onun fikrincə, ilk əvvəl özünə gücü çatmayan, nəfsini cilovlaya bilməyən kəs ciddi rəqibə qalib gələ bilməz.

Səməd müəllimə həyatda xoşbəxtlik, idmanda yeni-yeni müvəffəqiyyətlər, yetişməkdə olan nəslin fiziki tərbiyəsinin təkmilləşdirilməsi yönündə fəaliyyətində uğurlar arzulayırıq.

Orxan Rzazadə