Qanunların təkmilləşdirilməsi müasir dövrün tələblərinə uyğundur

Qanunvericilik sisteminə daxil olan Aktlar, qərarlar və digər normativ hüquqi sənədlər kimi “Siyasi Partiyalar haqqında” yeni Qanun da Azərbaycan Respublikasının Konustutsiyayasına uyğun olaraq hazırlanmışdır. Və bu da məlum olduğu kimi siyasi partiyaların təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanması, dayandırılması və bərpası, ləğvi qaydasını, üzvlük və maddi təminat, eləcə də siyasi partiyaların fəaliyyətinin təşkili məsələlərini müəyyən edir. Azərbaycanda həyata keçirilən böyük həcmli islahatlar,müasir beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiya, ölkəmizin bütün sahələr üzrə inkişafı, geosiyasi reallıqlar ölkəmizdə bir çox yeniliklər yaratmışdır. Ona görə də hələ müstəqillik illəri dövründə qəbul edilən “Siyasi partiyalar haqqında” qanunun ləğvinə, müasir dünyanın tələblərinə cavab verən qanun layihəsinin hazırlanmasına zərurət var idi.

 

Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin Sədrinə müraciət ünvanlamışdır ki, bu da məhz qeyd etdiyim hazırki reallıqdan irəli gəlmişdir. Beynəlxalq normalara uyğun olaraq yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-ci ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanunun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş çoxsaylı təkliflər nəzərə almışdır. Bu məsələdə obyektiv və şəffaf yanaşmanın göstəricilərindən biri də odur ki, iki ictimai dinləmə keçirilmiş bu tədbirdən sonra ümumilikdə sənədə 110 düzəliş edilmişdir. Digər bir məsələ ondan ibarətdir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınmışdır.

Yeni “Siyasi Partiyalar Haqqında” qanun möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 11 yanvar 2023-cü tarixdə təsdiqlənib. Qanuna nəzarət etsək görərik ki, dövlət qeydiyatından keçmiş bütün siyasi partiyalar əvvəlki qanundan fərqli olaraq , yeni qanunla siyasi partiyaya ictimai-siyasi nəşrlərin digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa da icazə verir. Müvafiq qaydada “Media haqqında” Azərbaycan Respublikasının qanununa əsaslanaraq çap medianın təsis olunması üçün siyasi partiyalar təsərrüfat cəmiyyətləri yarada, onlarda iştirak edə bilər. Ümumilkdə ölkəmizdə demək olar ki, bütün göstəricilər üzrə müasir dövrün tələblərinə cavab verən yeni-yeni reallıqlar yaranır, möhtərəm Prezidentin ali rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanır, fiavan həyat höküm sürür və bu istiqamətdə ümumilikdə qəbul edilən qanunlar, qərarlar xalqımızın milli maraqlarını təmin etməklə yanaşı, beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilir.

 

Rafiq Əliyev,

 

YAP Yevlax rayon təşkilatının sədri