“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı ideya və qərarın verilməsi həqiqətən də xüsusi önəm daşıyır"

“Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir”. Bu fikirləri sabiq millət vəkili Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı həm siyasi, həm də iqtisadi baxımdan vacib addımdır: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı ideya və qərarın verilməsi həqiqətən də xüsusi önəm daşıyır. Bildiyiniz kimi, Şərqi Zəngəzur anlayışı var idi. Amma sanki son illər keçmiş Qarabağ münaqişəsi ilə bağlı olaraq o qədər də bu termindən geniş istifadə olunmurdu. Cənab Prezidentin məlum fərmanı ilə bu bölgü artıq konkretləşdirildi, dəqiqləşdirildi. Yəni Qarabağla bağlı mükəmməl bir sistem yaradıldı və bir də Şərqi Zəngəzurla əlaqədar mühüm addım atıldı. Məlumdur ki, Qərbi Zəngəzur da mövcuddur. Bütün bu dəyişikliklər, yeniliklər ümumilikdə bölgələrin gələcəkdə surətli inkişafı, iqtisadiyyatın daha da güclənməsi üçün xüsusi önəm daşıyır. Yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək, ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək. Xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq”.

Onun sözlərinə görə, əksər regionların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən yeni bölgü bu sahənin inkişafı üçün də yeni perspektivlər açır: “Yeni bölgünün iki baxımdan önəmli olduğunu düşünürəm. Birinci budur ki, azad olunmuş ərazilərin iqtisadi region kimi yenidən qruplaşdırılması baş verir. Bu, azad olunmuş ərazilərimizdə sosial-iqtisadi inkişafın planlaşdırılmasında ciddi üstünlüklər yaradacaq. İqtisadi regionlar üzrə yeni bölgüdə Aran iqtisadi rayonunun bir neçə rayona ayrılması ikinci mühüm məsələdir. Bu rayonda çoxşaxəli fəaliyyət sahələri olan çoxlu sayda rayonlar birləşdirilmişdi. İndi bölgü kənd təsərrüfatı istehsalının ixtisaslaşmasına uyğun aparılıb. Bunu Gəncə-Qazax iqtisadi rayonu üzrə aparılan dəyişikliklə bağlı da demək olar”.