Qarabağda antiterror əməliyyatları başlayacaq? - Deputatla MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlara əl atıb. Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun 7 hərbi quluqçusu şəhid olub, 10-u isə yaralanıb.

Ermənistanın növbəti dəfə 10 noyabr anlaşmasını pozması ilə bağlı deputat Nəsib Məhəməliyev Sonxeber.az-ın suallarını cavablandırıb.

- Nəsib müəllim, Ermənistan rəhbərliyi növbəti dəfə heç bir beynəlxalq hüquqa və müqaviləyə əhəmiyyət vermədiyini göstərdi. Ardı-arası kəsilməyən təxribatlara Azərbaycan ordusu adekvat cavab verərək erməni terrorçu dəstələrini zərərsizləşdirməkdədir. Artıq Qarabağda antiterror əməliyyatları başlaya bilərmi?

- Ermənistan ordusu sərhəd bölgəsində törətdiyi təxribatlara Qəhrəman Azərbaycan əsgərindən layiqli cavab aldı. Düşmən tərəf canlı qüvvə və texnika baxımdan ciddi itkilər verdi. Ancaq hazırkı vəziyyətdə Qarabağ ərazisində anti-terror əməliyyatlarının keçirilməsi real görünmür. Proseslər ilk baxışdan göründüyü kimi sadə deyil. Regionda geosiyasi maraqları olan və dayanıqlı sülhün yaranmasını istəməyən kifayət qədər xarici, eyni zamanda daxili qüvvələr mövcuddur.

- Düşmənin terrorçu dəstələri növbəti dəfə zərərsizləşdirildi və 6 erməni diversant qrupunun 6 üzvi ələ keçirildi. Bu dəfə Azərbaycan həmin terrorçuları Rusiya sülhməramlılarına təhvil verməlidirmi?

- Bəli, 6 nəfər erməni əsgəri hərbçilərimiz tərəfindən əsir götürülüb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq işləri aparılacaq. Onların əvvəllər hər hansı hərbi cinayətlərdə iştirakının olması yoxlanılacaq və ondan sonra, proseslərin inkişafına uyğun olaraq, tədbir görüləcək. Onların taleyi əsasən Ermənistanın gələcək davranışlarından asılıdır. Əgər nizamlanma istiqamətində müsbət tendensiyalar olacaqsa, Azərbaycan hər zaman humanistlik nümayiş etdirməyə hazırdır.

- 10 noyabr bəyannəməsinə əsasən, Rusiya sülhməramlıları Qarabağdakı silahlı erməni terrorçu dəstələrini çıxarmalı idi. Artıq bir ildən çoxdur ki, erməni terrorçu dəstələri hələ də Azərbaycan torpaqlarından çıxarılmayıb və təxribatlarına davam edirlər. Bu da açıq şəkildə 10 noyabr bəyannaməsinin pozulmasından və Rusiya sülhməramlılarının fəaliyyətsizliyindən xəbər verir. Bununla bağlı Azərbaycan tərəfi Rusiya sülhməramlılarının çıxmasını tələb kimi irəli sürə bilərmi?

-Təəssüf ki, 10 noyabr üçtərəfli bəyannamə tam şəkildə icra olunmayıb. Qarabağda silahlıların tərk-silah edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin icrası ləngidilir. Burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Eyni zamanda, Rusiya sülhməramlılarının fəaliyyətində də kifayət qədər prinsipiallığın olmaması bəzi revanşist qüvvələri arxayın salır. Hesab edirəm ki, son hadisələr Ermənistandakı bəzi "isti başlar"ı bir daha düşünməyə vadar edəcək, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. Sülhməramlıların çıxarılması məsələsinin qoyulması üçün hələ tezdir. Onların fəaliyyətinin sonuna 3 il yarımdan çox vaxt var. Ondan sonra konkret qiymət veriləcək.

- Şuşa Bəyannaməsinə uyğun olaraq, Qarabağda başlaya biləcək antiterror əməliyyatlarına Türkiyə ordusu da qoşula bilərmi?

- Şuşa Bəyannaməsi, ölkəmiz üçün, eləcə də Türk dünyasının gələcəyi üçün olduqca əhəmiyyətli, tarixi sənəddir. Qardaş ölkənin özünün müxtəlif coğrafiyalarda kifayət qədər problemləri var. Türk Ordusunun bu münaqişəyə qoşulmasına ehtiyac yoxdur. Güclü Ordumuz, İlham Əliyev kimi, qətiyyətli Müzəffər Ali Baş Komandanımız istənilən vəzifənin öhdəsindən ən yüksək səviyyədə gəlir. Hər hansı digər qüvvəyə ehtiyac yoxdur.

- Ermənistan təxribatlara davam edərsə və sülh müqaviləsini imzalamaqdan boyun qaçırarsa, bu onlar üçün nə ilə nəticələnə bilər?

- Ermənistan təxribatlara davam edərsə, heç şübhəsiz, adekvat cavab alacaq. Prezidentimizin təbiri ilə desək, "Dəmir yumruq yerindədir!". Ancaq Böyük sülh müqaviləsinin bağlanması barədə optimist fikirdə deyiləm. Bu müqavilənin bağlanmasına mane olan xeyli qüvvələr var. Ermənistanın özündə də xaos, siyasi böhran hökm sürür. Bütün bunlar bir daha onu göstərir ki, ermənilər dövlət qura bilməyiblər.
Düşünürəm ki, sonda öhdəlikləri yerinə yetirməyə məcbur olacaqlar.