"Qənirə Paşayeva ilə oxşar cəhətlərimiz var"

Milli Cəbhə Partiyasının sədriMilli Məclisin İnsan hüquqları və Mədəniyyət komitələrinin üzvü Razi Nurullayev Bakıvaxtı-az-a müsahibə verib. O müsahibəsində ölkədə baş verən proseslərdən danışıb.

Cebhe.info həmin müsahibəni təqdim edir.

“Gördüm o komitədə arzuolunan şəxs deyiləm...”

- Milli Məclisin Mədəniyyət komitəsinə üzv olmaq üçün rəhbərliyə müraciət etmisiniz. Bitirdiyiniz ixtisasları, fəaliyyət istiqamətinizi araşdırdıqda görürük ki, pedaqogika, hüquq və beynəlxalq siyasət sahəsində ixtisaslaşmısınız. Mədəniyyət komitəsinə üzv olmağınızın əsas səbəbi nədir?

- Doğru deyirsiniz. Uzun illər beynəlxalq siyasətlə, ictimai məsələlərlə məşğul olmuşam. Bu sahədə xeyli ixtisaslaşmışam. Dil bilgilərimi də üzərinə gəlsəm, deyə bilərəm ki, xeyli iş görə bilirəm. Hazırda da müxtəlif xarici mediada yazıram. Bundan öncəyə qədər də bir çox ölkələrdə konfranslarda iştirak etmişəm.

Parlamentə gəldiyimdə birinci müraciət etdiyim Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi idi. Sonra komitə üzvləri arasında adımı görmədim və dedilər ki, müraciət zamanı yalnışlıq olub.

İkinci dəfə yenə müraciət etdim və yenə eyni hal baş verdi. Belə başa düşdüm ki, mən o komitədə arzuolunan şəxs deyiləm (gülür). Bunu yarıciddi, yarızarafat olaraq deyirəm.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə üzv olmaq üçün müraciət etdim. Dedilər, buyurun, əlbəttə ki, niyə də olmasın. Amma daha sonra özüm də arxasınca düşmədim və mənə də bir şey deyilmədi. Elə özümü bir İnsan hüquqları komitəsinə həsr etdim. Bütün bunlara baxmayaraq, mən həyatımın müxtəlif hissələrini teatrlarda keçirmişəm. Dünyanın harasına getsəm, orda birinci teatra gedirəm. Əgər bir yerdə yeməyimdən, istirahətimdən, otelin ödənişindən pulu kəsəcəmsə, mütləq teatra gedəcəm. Hələ yadıma gəlmir ki, hansısa ölkəyə gedəm və orda teatra, operaya getmədən ölkəyə dönəm. Hesab edirəm ki, mədəniyyət həm də Azərbaycanı xilas edəcək. Mədəniyyət, incəsənət ölkəni daha da irəliyə apara bilər. Mən bu gün baxıram ki, ən çox inkişaf etmiş ölkələrin həm də ən yüksək mədəniyyəti var. Yaponiyanın, Almaniyanın, Fransanın, İtaliyanın mədəniyyətinə baxın. Onun üçün də qərar verdim ki, Mədəniyyət komitəsində də olum. Həm də komitə sədri Qənirə Paşayeva yaxşı işləyir və bizim onunla müəyyən oxşar cəhətlərimiz var. Düşünürəm ki, biz bir yerdə gözəl işlər görə bilərik.

“Sanki bir zavod, fabrik var və problem istehsal edir”

- Deputat seçildiyiniz ilk dönəmlərdə qeyd etmişdiniz ki, İmişlidə sosial problemlər həddindən artıq çoxdur. Bu iki illik dönəmdə İmişlidə icra başçısı dəyişikliyi də oldu. Yeni icra başçısı sosial problemləri həll edə bilirmi?

- Problemlərin həllinin nə qədər icra başçısına aid olduğunu deyə bilmərəm. Amma İmişlidə problemlər azalmayıb, əksinə gün-gündən çoxalır. Yalnız İmişlidəmi bu belədir? Bütün rayonlarda vəziyyət eynidir. Hansı rayonda, hansı kənddə problem azalır? Bir problem həll olunursa, beş yenisi əlavə olunur. Onun üçün də mən parlamentdə çıxışım zamanı dedim ki, problemlərin həlli sürəti, onun yaranma sürətindən yüz dəfə azdır. Sanki bir zavod, fabrik var və problem istehsal edir. Səbəbi odur ki, yerlərdə, mərkəzdə və bütün sahələrdə insanların problemlərinin azaldılması ilə məşğul olunmur. Ola bilsin ki, kim qışqırıb, səs-küy salırsa, onun işini həll edirlər, “ağlamayan uşağa süd yoxdur” məsəli kimi. Problemlərin kökünə baxmaq lazımdır. Bir probelm kökündən həll olunmasa, təbii ki, artan xətt üzrə gedəcək. Bizdə isə problemlər kökündən həll olunmur. Məsələn, pensiya və əlillik dərəcələri ki, ləğv olundu, on minlərlə yeni problem yarandı. Onlar kütləvi şəkildə olduğuna görə, Nazirlik həll edə bilmədi. Ona görə də problemlər azalmır, çoxalır. Bu səbəblə, Azərbaycanı problemlər və qadağalar ölkəsi adlandırmaq olar. Bir ölkədə nə qədər qadağalar, cərimələr olar?! İnsanların narazılığı artıq tavana çıxır.

“Bütün problemləri icra hakimiyyətlərinə yükləmək olmaz”

- Problemlərin kökünü tapmağın vacibliyini qeyd edirsiniz. Ola bilərmi, yerli olmayan biri digər rayona icra başçısı gedərkən, o rayonun problemlərini özününkü saymır, əhalinin dərdinə biganə yanaşır?

- Mənə elə gəlir ki, başqa rayondan olan biri də digər rayon əhalisinin dərdinə özününküymüş kimi yana bilər. Digər tərəfdən, hesab edirəm ki, icra başçıları öz yerlərindən olsa, daha uyğun olar. Lakin əvvəllər bu, ona görə dəyişdirildi ki, rayondan olan birisini çoxu tanıyır və onu üzdən-gözdən salır, el-obadan utanıb kimisə cəzalandırmağa çəkinir, qohum-əqrəbasını yanına çəkir-filan. Lakin bunlar özünü doğrultmadı. Çünki yeni üsulla da icra başçıları öz qohumlarını yanına gətirir. Yəni, birisi rayon üçün can yandırırsa, yenə yandıracaq, qeyri-qanuni işlə məşğul olursa, yenə olacaq. Məsələn, bir söz var: “Pul qazanmaq istəyən oğlan, elə Azərbaycanda da qazanar”. Hamı elə bəhanə gəzir ki, bu niyə elə deyil, belədir?!

Digər tərəfdən, bütün problemləri icra hakimiyyətlərinə də yükləmək olmaz. Ümumiyyətlə, artıq icra hakimiyyətlərinin səlahiyyətləri də əllərindən alındı ki, orda fəaliyyət göstərən digər regional komitələrin nümayəndələri sərbəst işləsinlər. Bu da özünü doğrultmadı. Ümumiyyətlə, biz müsəlmanlar “şahsevən”ik, yəni bir nəfərin əmri ilə oturub-durmağa daha çox meyillənirik və bir neçə rəhbər olanda xaos yaranır. Yəni, xalq olaraq da biz o demokratiyaya keçid edə bilmirik. Əslində bu, yalnız xalqla bağlı deyil, həm də Azərbaycanın siyasi idarəetməsi ilə bağlı məsələdir. Məsələn, hamı icra hakimiyyətlərinin üzərinə gedir ki, niyə şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı problem həllini tapmır?! Çünki bu barədə Nazirlər Kabinteinin qərarı var. Qərarın 3.1.2 bəndinə görə, ancaq ordeni olan şəxslərin adı əbədiləşdirilə bilər. Yerli icra hakmiyyətləri haqqında Əsasnamənin də 4.11.17 bəndində isə göstərilir ki, onlar yaşayış məntəqələrində küçə və meydanlara ad verə bilərlər, lakin şəhid adlarının verilməsi isə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə tənzimlənir. Sonra 25 avqust 1999-cu il tarixli 109 Qərarla isə bildirilib ki, yalnız ordeni olanların adları əbədiləşdirilə bilər. İndi İcra Hakimiyyəti nə etsin? Bu, özü də 3 min problem deməkdir. 35 minə yaxın problem isə Birinci Qarabağ müharibəsindən qalıb. Bu problemlərinin hamsının həllinin bir yolu var; qərarın 3.1.2 bəndində dəyişiklik olunmalı, icra hakimiyyətlərinin əsasnaməsində dəyişiklik edilməlidir ki, onlar da şəhid adlarını əbədiləşdirə bilsinlər. Şəhid ailələri üçün övladlarının adının əbədiləşdirilməsindən böyük heç nə ola bilməz.

“İcra hakimiyyətləri mənasız tədbirlər keçirən, yubileylər qeyd edən, kağız-kuğuz işi görən qurumdur”

- Ümumiyyətlə, cəmiyyətə nəzər saldıqda görürük ki, insanların fikrində icra hakimiyyətləri mənfi imic formalaşdırıb. Əksəriyyət icra hakimiyyətləri yaxşı bir iş gördükdə belə, arxasında nəyinsə gizləndiyini güman edir...

- Mən ümumiyyətlə, icra hakimiyyətlərinin ləğvinin tərəfdarıyam. Amma hələ ki, mövcuddur və məcburuq ki, onların qaydaları ilə yaşayaq. İcra hakimiyyətlərinin səlahiyyətlərinin hamısı bələdiyyəyə verilməlidir və onlar Prezidentin nümayəndəsi kimi yerlərdə olmalı, nəzarət etməlidirlər. Yoxsa bələdiyyə və icra hakimiyyətləri eyni işlə məşğuldurlar və olduqca mənasız bir quruma çevriliblər. Siz soruşun, bu gün kim icra hakimiyyətlərindən razıdır? İcra hakimiyyətləri sadəcə ancaq mənasız tədbirlər keçirən, yubileylər qeyd edən, kağız-kuğuz işi görən qurumdur.

Özümə “ana müxalifət”, digərlərinə “bala müxalifət” deməkdən uzağam”

- Hökümət üzvləri parlamentdə sizi ana müxalifət kimi görür. Parlamentdə təmsil olunan digər partiya rəhbərləri tərəfindən özünüz və ya partiyanızla bağlı əks fikirlə qarşılaşmısınızmı?

- Xeyr. Mənim bütün partiya sədrləri ilə gözəl münasibətim var, məni dəstəkləyirlər, həmçinin mən də onları. Mən onları özümdən ayırmaq istəmirəm. Özümə “ana müxalifət”, digərlərinə “bala müxalifət” deməkdən uzağam. Mən düşünürəm ki, biz hamımız xalq üçün çalışırıq. Digər həmkarlarım da çox böyük işlər görürlər. Əksinə, mən digər partiya sədrlərinə təklif irəli sürmüşəm ki, hansısa problem haqqında təmərküzləşmə edək, birgə danışaq, təklif verək ki, səsimiz daha yaxşı eşidilsin. Hər bir halda, hər birimizin məqsədi Azərbaycan xaqlını daha yaxşı görməkdir.