Müasir beynəlxalq münasibətlər sistemində dəyişən geosiyasi reallıqlar fonunda balanslı və çevik xarici siyasət yürütmək yalnız dövlətlərin deyil, həm də liderlərin strateji düşüncə qabiliyyətindən asılıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu baxımdan beynəlxalq arenada uğurlu diplomatik təşəbbüsləri və milli maraqlara əsaslanan kursu ilə seçilir. İranla strateji əməkdaşlıq haqqında imzalanan birgə bəyanat, eyni zamanda “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak üçün Albaniyaya həyata keçirilən işgüzar səfər Azərbaycanın həm region daxilində, həm də qlobal müstəvidə tarazlaşdırılmış xarici siyasət kursunun təntənəsi kimi qiymətləndirilə bilər. Daha açıq və səmimi desək, Prezident İlham Əliyev bu yanaşması ilə diplomatiya sahəsində ustad dərsi keçir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Son illərin təcrübəsi “Avropa Siyasi Birliyi”nin sammitlərinin Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün uğurlu platformaya çevrildiyini göstərir:
"Xüsusilə də 3 il öncə keçirilmiş Praqa sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev strateji diplomatik addımlarla Ermənistan və onun havadarlarının, o cümlədən Fransa və Avropa İttifaqının planlarını puç etdi. Həmin dövrdə bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünü siyasi yolla zəiflətmək niyyətində idilər. Lakin cənab Prezidentin iradəli və məharətli çıxışları nəticəsində həm Fransa Prezidenti Emmanuel Makron, həm də Ermənistan Baş naziri Nikol Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanımağa məcbur oldular. Bu uğurun nəticələrindən biri də Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının vaxtından əvvəl bölgədən çıxarılmasına zəmin yaratması oldu".
Müsahibimizin sözlərinə görə, Praqa sammitindən sonra başlayan dövrdə Azərbaycan müxtəlif təzyiqlərə və qərəzli hücumlara məruz qaldı. Anti-terror tədbirləri, COP29 öncəsi kampaniyalar və xüsusilə təbii sərvətlərimizə görə ölkəmizin hədəf seçilməsi beynəlxalq təzyiqlərin bir hissəsi idi. Lakin bütün bu proseslərdə Prezident İlham Əliyev geri çəkilmədi, əksinə, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyindəki rolunu daha da artırdı. Avropa bu gün artıq ölkəmizə qaz tədarükünü artırmaq xahişi ilə yanaşır. Vaxtilə tənqid edilən qazıntı yanacağı indi Avropa üçün alternativ enerji mənbəyinə çevrilib:
"Bununla yanaşı, Azərbaycanın üzərindən keçən Orta Dəhliz üzrə yüklərin daşınması ildən-ilə artır, bu da vaxtında qurulmuş infrastrukturun və ölkədəki sabitlik mühitinin bariz nəticəsidir. Bu mənada, Prezident İlham Əliyevin Tirana sammitinə dəvət olunması Qərbin Azərbaycana artan ehtiyacının açıq göstəricisidir".
Deputat onu da əlavə edib ki, dünyada güc mərkəzləri arasında ziddiyyətlərin dərinləşdiyi bir zamanda, orta güc dövlətlərin rolu da artır. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün həm de-fakto, həm də de-yure regional və orta güc mərkəzi kimi tanınır. Artıq Qərb də əvvəlki illərdən fərqli olaraq, daxildən hansısa təsir agentləri ilə deyil, bilavasitə dövlətin özü ilə, yəni Azərbaycan Prezidenti ilə dialoqa üstünlük verir. Bu yanaşma onu göstərir ki, radikal və qeyri-ciddi ünsürlərin, sosial şəbəkələrdəki status və aksiyalarla siyasi mövqe qazanmağa çalışan qrupların dövrü keçmişdə qalıb:
"Bu baxımdan, antimilli ünsürlər anlamalıdırlar ki, xaricdən yönləndirilən təxribatlar, ucuz vədlər və xırda qrantlarla dövlət siyasətinə təsir göstərmək nəinki mümkünsüzdür, həm də cəmiyyət tərəfindən qəbul olunmur. Azərbaycanın bu gün yürütdüyü xarici siyasət milli maraqların tam təmininə və dövlət suverenliyinin qorunmasına xidmət edir".