Avqustun 27-də "QÜRUR" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Əsir, girov və itkinlərin axtarışına dəstək" layihəsi çərçivəsində hazırlanan videoçarxın təqdimatını keçirdi. Tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunda baş tutdu.
Sabahinfo.az xəbər verir ki, tədbirin açılışında layihə rəhbəri Naibə Behbudova çıxış edərək iştirakçıları salamladı. Sonra şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca hazırlanan videoçarx nümayiş olundu. Təqdimatda şəhid ailələri, qazilər, media nümayəndələri və müxtəlif Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri iştirak etdilər. Tədbir iştirakçıları, xüsusən də itkin düşmüş əsgərlərin ailə üzvləri, şəhid ailələri və qazilər çıxış edərək, layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə və donor təşkilata dərin minnətdarlıqlarını bildirdilər.
Bu cür təşəbbüslər, əsir və itkinlərin axtarışı sahəsində ictimai diqqətin artırılması və müvafiq qurumların fəaliyyətinə dəstək olmaq məqsədilə xüsusi əhəmiyyət daşıyır.