QHT-lər üçün qrant məbləği müəyyənləşir - Təkliflər Nazirlər Kabinetinə göndəriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. 

 Müşahidə Şurasının iclasında Agentliyin kiçik, orta və böyük məbləğli qrant müsabiqələri üzrə siyasətinin (müsabiqənin şərtləri, meyarları və s.) müəyyənləşdirilməsi haqqında müzakirələr aparıldı, bununla bağlı müvafiq sənədin hazırlanması üçün MŞ üzvlərindən ibarət işçi qrup təşkil olunub. Qısa müddət ərzində sözügedən meyarların müəyyən olunması ilə bağlı sənədin hazırlanması tapşırılıb. 

Daha sonra Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərin qrafiki təsdiq olunub. Qərara alınıb ki, sahəvi QHT-lərlə onlayn görüşlərin intensivliyi artırılsın və daha çox təşkilatların belə görüşlərə dəvət olunması təmin edilsin. 

İclasda Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görüləcək işlər sənədinə yenidən baxılıb və müzakirələr əsasında əlaqələndirilən fəaliyyət istiqamətləri sırasına QHT koalisiyaları, resurs mərkəzləri və platformalarla işin də əlavə edilməsi qərara alınıb. 

Müzakirələr əsasında Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, habelə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı nəzərdə tutulan sənədlər üzrə Müşahidə Şurasının müvafiq işçi qrupu tərəfindən hazırlanan təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.