QHT-media münasibətləri müzakirə olundu 

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində Dəyirmi Masa keçirib.

Tədbirdə ölkənin aparıcı QHT və media nümayəndələri iştirak ediblər.

Layihə barədə məlumat verən İctimai Birliyin sədri Ruslan Xəlilov qeyd edib ki, məqsəd QHT-lərin mətbuat və sosial media ilə işləmək bacarıqlarını artırmaqdır.

“QHT və media nümayəndələrinin görüşlərini təşkil etmək və ictimai müzakirələr aparmaqla problemin həllinə töhfə vermək niyyətindəyik. Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan QHT-lərin fəaliyyətlərinin ictimaiyyətə təqdim olunması hər zaman aktual məsələlərdən biri olub. Bu gün Azərbaycanda 3340-dan çox qeyri-hökumət təşkilatı vardır. Hər bir QHT öz fəaliyyəti barədə mətbuatda və sosial mediada məlumatlar paylaşmağa, ictimaiyyətə müəyyən bilgilər verməyə çalışır. Amma bəzən onlar müəyyən problemlərlə üzləşirlər. Redaksiyalar onların hazırladıqları məlumatları dərc etmirlər, sosial şəbəkələrdə paylaşdıqları məlumatlar izləyicilərdə o qədər də maraq doğurmur. Hesab edirik ki, yaranmış bu problemləri, maneələri QHT və media nümayəndələrinin iştirakı və birgə müzakirəsi ilə aradan qaldıra bilərik”.

İctimai Birliyin sədri həmçinin qeyd edib ki, 3 ay davam edən layihə çərçivəsində QHT-Media münasibətlərinə dair 10-dan çox araşdırma xarakterli yazılar dərc edilib: “Yazılarda ölkənin aparıcı QHT və media nümayəndələrinin fikirləri dərc edilib, xarici ölkələrin təcrübələrindən nümunələr gətirilib. Layihə çərçivəsində 3 tele-debat keçirilib. Müzakirələr zamanı çox maraqlı məqamlar üzə çıxıb. Bəzi QHT nümayəndələri hesab edirlər ki, media nümayəndələrinin onların tədbirlərinə qatılmaq, layihələri barədə məlumat dərc etmək kimi öhdəlikləri var. Bəzi media nümayəndələri isə düşünürlər ki, QHT-lərin həyata keçirdikləri layihələrin büdcəsində media üçün hansısa ödənişlər nəzərdə tutulub və onlar redaksiyalarla müqavilələr bağlamalıdırlar. Hesab edirik ki, hər iki yanaşma qüsurludur. QHT və media vətəndaş cəmiyyətlərinin institutları olsa da, QHT könüllü, ictimai əsaslarla fəaliyyət göstərən bir qurumdur, media özə özəl biznes sahəsinə aid hesab edilir. Amma unutmayaq ki, medianın sosial öhdəlikləri var. Düşünürəm ki, media ictimai maraqlara xidmət edən layihələrə həssas yanaşmalıdır, bununla bağlı keçirilən tədbirləri, açıqlama və müsahibələri dərc etməkdən imtina etməməlidir”.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov QHT-Media əməkdaşlığı sahəsində mövcud problemləri sadalayıb. Onun sözlərinə görə, media ilə əməkdaşlıq emək üçün QHT-lərə ayrılan vəsaitlərin həcmi artırılmalıdır: “Doğrudur, media hər zaman bizim qaldırdığımız problemlərə həssas yanaşıb. İrəli südüyümüz problemləri işıqlandırıblar. Hesab edirəm ki, bu əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac vardır”.

Tanınmış yazıçı, jurnalist Qurban Yaquboğlu QHT və medianın ictimai maraqların müdafiəsinə xidmət etməli olduqlarını bildirib. Əlavə edib ki, ümumi milli və sosial maraqların müdafiəsi naminə bu iki institut arasında əlaqələr möhkəmlənməlidir.

Qadın Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Sevil Allahverdiyeva QHT-lərin qaldırdıqları problemlərə həssas yanaşdıqları üçün media nümayəndələrinə təşəkkür edib: “Jurnalistlər qadın, gender problemlərinə xüsusi diqqət ayırırlar. Bizim gücümüz, işimizin effekti medianın dəstəyilə çox bağlıdır. Əgər qaldırdığımız problemlər ictimaiyyərə çatdırılmasa, biz qarşıya qoyduğumuz məqsdərlərə çata bilmərik. QHT-media əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac vardır”.

“Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov QHT-lərin jurnalistlər üçün təlim və müsabiqələr keçirməsinin vacibliyini qeyd edib: "Təəssüflər olsun ki, hazırda icra olunan layihələrin müddəti çox qısa olur. İldə bir dəfə 3-4 aylıq layihələr keçirməklə media ilə dərindən əməkdaşlıq qurmaq mümkün deyil. Hesab edirəm ki, həm ayrılan qrantın məbləği artırılmalıdır, həm də buna uyğun olaraq layihənin icra müddəti uzadılmalıdır".

Daha sonra "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin nümayəndəsi Nərmin Muradova, jurnalistlər Tapdıq Qurbanlı, Nərgiz Cavadzadə, Səxavət Həmid və digərləri mövzu ətrafında çıxış edərək təkliflərini bildiriblər. Dəyirmi Masa müzakirələrlə davam etdirilib.