Qoşulmama hərəkatının yeni mərhələsi: Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfə

Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”. Eyni zamanda, xüsusilə vurğulamaq lazımdır ki, ölkəmiz bu təşkilata sədrlik etdiyi müddət ərazində bir çox layihələr həyata keçirmişdir ki, bu da qurumun daha gücləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət təsirini göstərmişdir. Bir sözlə, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Bu fikirləri söyləmək üçün bir neçə mühüm amilləri qeyd etmək olar. İlk növbədə Azərbaycanın sədrliyi çox çətin dövrə, koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin institutsional mexanizmlərin yaranması oldu. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”mövzusuna həsr olunan Bakı konfransında dövlətimizin başçısı bu Şəbəkənin əhəmiyyətindən danışıb, QH-yə üzv ölkələr arasında həmrəyliyə töhfə verəcəyinə inamını ifadə edib: “Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Həmin konfransdan bir ay keçməmiş - iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqləndi. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır.

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.

Hazırda dünya postpandemiya dövründədir, eyni zamanda, baş verən geosiyasi və geoiqtisadi proseslər fonunda yeni dünya nizamı formalaşır. Bu baxımdan martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsinin mühüm əhəmiyyəti bardır. Zirvə görüşündə bir sıra cavib məsələlər səsləndirildi. Beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, “Soyuq müharibə” mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları oldu.

Bundan əlavə, sammit zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi məsələlər müzakirə edildi. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bəzi Qoşulmama Hərəkatı ölkələri ərzaq təhlükəsizliyi sahəsində daha ciddi təhdidlərlə üzləşməyə başlayıblar. Və bu məsələ demək olar ki, bütün dünyanı narahat edir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə bir sıra mühüm təkliflər irəli sürdü.Yeni reallıqlar yaranıb və mövcud beynəlxalq institutlar bu reallığa cavab verə bilmir və ya həmişə olduğu kimi iki standartlar tətbiq olunur. Artıq uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. Ölkə başçısının dediyi kimi, “BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”. Bəzən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələr qısa müddət ərzində yerinə yetirilir, bəzən isə illərlə gözləmək lazımdır ki, bu sənədlər öz reallığını tapsın. Azərbaycanın bununla bağlı mənfi təcrübəsi vardır. Demək bu qurumda struktur dəyişikliyinə ehtiyac vardır. Cənab İlham Əliyev həm Azərbaycan Prezidenti, həm də Qoşulmama Hərəkatının sədri kimi konstruktiv təklif irəli sürür: “ BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir”.

Əfsuslar olsun ki, müasir dövrdə daha çox xalqların və millətlərin hüquqlarının müdafiəsi, onlara hörmətlə yanaşılması, hüquqlarının və ərazi bütövlüyünün, dövlətlərin müstəqilliyinin tanınması haqqında danışan dövlətlər, özləri daha çox buna zidd siyasət həyata keçirir. Bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir. Ölkə başçımızın bu görüşdə verdiyi təkliflərdən biri də məhz bundan ibarət idi və bu çox mühüm bir mesajdır. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Cənab İlham Əliyev bir daha yüksək tribunadan Fransanı törətdiyi cinayətləri etiraf etməyə və soyqırımı aktlarına görə üzr istəməyə çağırdı. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Heç vaxt baş verməyən “erməni soyqırımı” nı tanıyan, terroru, ədalətsizliyi dəstəkləyən Fransa nəhayət, Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə görə məsuliyyət daşıyır.

Cənab Prezidentin irəli sürdüyü təkliflərdən biri də humanitar minatəmizləmə ilə bağlı idi. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Aydındır ki, minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir.Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Bu sammit isə öz növbəsində Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.

Beləliklə, deyə bilərik ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova