Quba gəncləri arasında "Biləndər" adlı intellektual turnir keçirilib

Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Biləndər-zəkaların payız kuboku” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun formatı üzrə Quba rayonunda seçim turu keçirlib.

Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin akt zalında keçirilən tədbirdə Quba rayonunun Alekseyevka, Cimi, Səbətlər, Qələdüz, Vladimirovka, Küsnətqazma, Üçgün, Aşağı Xuc, Bərqov, Qəçrəş, Alpan kəndlərində, Bağbanlı, Zərdabi, Barlı qəsəbələrində yaşayan və təhsil alan yeniyetmə, gənc və gənc müəllimlərdən, eyni zamanda Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagird və müəllimlərindən ibarət 15 komanda qələbə uğrunda mübarizə aparıb.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihə barədə danışaraq qeyd edib ki, layihə şimal regionuna daxil olan rayonlarda – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən zonasında yaşayan və təhsil alan gəncləri intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək məqsədi daşıyır.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda Quba rayonu Vladimirovka kənd tam orta məktəbinin şagird və gənc müəllimlərdən ibarət “E-team” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Quba rayonu Küsnətqazma kənd ümumi orta məktəbinin “Kobra” və Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “T-team” biliciləri tutub.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında da seçim turları keçirilib və finala vəsiqə qazanan komandalar müəyyən olunub. Quba rayonunda keçiriləcək final mərhələsində qeyd edilən rayonlardan ümumilikdə 8 komanda qalib adı uğrunda mübarizə aparacaq.
Quba gəncləri arasında  “Biləndər” adlı intellektual turnir keçirilib
Quba gəncləri arasında  “Biləndər” adlı intellektual turnir keçirilib
Quba gəncləri arasında  “Biləndər” adlı intellektual turnir keçirilib
Quba gəncləri arasında  “Biləndər” adlı intellektual turnir keçirilib