Quruculuq Zəfərini də böyük sevgilərlə qeyd edəcəyik

Tarixi min illərin o üzü ilə səsləşən dövlətçiliyimiz uğrunda mübarizələr tarixi xalqın mətinliyinin, qüdrətinin, müqəddəs Vətənə müqəddəs sevginin tarixidir. Bu tarixi öyrənə-öyrənə sevmişik, sevə-sevə öyrənmişik. Xalqın adət-ənənələri də, milli mentaliteti də dövlətçiliyə sədaqət əsasında formalaşıb. Təbii ki, belə formalaşma tarixi şəxsiyyətlərin dühası ilə, Vətən sevgisi ilə, dövlətçilik sevgisi ilə gerçəkləşir və belə gerçəkləşmə dövlətin də, xalqın da yaşam, var olma, dünyəvi proseslərə inteqrasiya kimi amillərə stimul olur; Azərbaycan dövlətçiliyi əbədiyyən var olacaq.

Müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılıq ideologiyasını dünyəvi, bəşəri ideologiya ilə yaşatmağın metodologiyasını yaratdı. Neçə on illərdir bu metodologiya Azərbaycan dövlətçiliyinin və Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınma simvolu olub.

Dünya azərbaycanlılarının birinci qurultayında Ulu öndər Heydər Əliyev dedi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyni əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Həmrəylik Günü də azərbaycançılıq ideoligiyasından yaranıb.

İmperiya Azərbaycan Demokratik Respublikasını ilhaq etmişdi. Ancaq xalqın dövlətçilik amalını, mübarizə əzmini ilhaq etməyə qüdrəti çatmazdı. Xalq on illərlə gizlin-aşkar dövlətçiliyinin bərpası üçün mübarizə apardı. Xalqın mübarizə əzmi 1989-cu ilin sonunda SSRİ - İran sərhəddində, Naxçıvanda, İranın Azərbaycanla sərhəddində sərhədi dağıtdı. Bu əzmin qarşısını nə SSRİ ala bilərdi, nə də İran. Almağa cəhd göstərsəydi, minlərlə insan qətlə yetirilərdi.

Bu hadisə dünya ictimaiyyətinə bir gerçəkliyi xatırlatdı: Azərbaycan xalqı dövlətçiliyini bərpa etməyə qadirdir, bərpa edəcək!

Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu hadisəni azərbaycançılığın kükrəyişi kimi dəyərləndirdi və bu həmrəyliyin dünyəvi həmrəylik səviyyəsində qurulması üçün 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması haqqında qərar qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi.

2001-ci il noyabrın 9-10-da dünya Azərbaycanlılarının I qurultayı keçirildi (19 il sonra bu tarixin müqəddəsliyini dünya Azərbaycanlıları daha gözəl bir ovqatla yaşadı – Zəfər Günü!). Qurultayda dünyanın 36 ölkəsində yaşayan azərbaycanlıları təmsil edən 200-dən çox təşkilatdan 406 nümayəndə iştirak etdi. Bu qurultayda Azərbaycanın, azərbaycanlıların daha nurlu sabahları üçün illərə ömür qüdrəti verənlər ən böyük azərbaycanlının – böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə dəyərli tövsiyələrini dinlədilər, bu tövsiyələr də tarixləşdi. Nümayəndələr dünyəvi siyasətdə azərbaycançılığın yerinin möhkəmləndirilməsi üçün nələr etməyin, necə etməyin nəzəri əsaslarını da öyrəndilər.

Dünya azərbaycanlılarının I qurultayının keçirilməsinin həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox əhəmiyyətli olduğunu qeyd edən Ulu Öndər dedi: “...müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir”.

Ulu Öndərin “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik” fikri qurultayın leytmotivi kimi dinlənilmişdi.

Qurultayda Dünya azərbaycanlılarının I qurultayının qətnaməsi ilə, nümayəndələrin bütün dünya azərbaycanlılarına müraciəti ilə bir sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciətlər də qəbul olundu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etməyən Ermənistana ciddi beynəlxalq təzyiq göstərməyən dünya ölkələri bu müraciəti Azərbaycan ordusunun həll edəcəyini bilməli idi. 19 il sonra dünya dövlətləri gördü ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qürurla dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” xəbərdarlığı nə qədər real gücə əsaslanırmış!

Dünya azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan dövlətçiliyinin daha da möhtəşəmləşməsində Heydər Əliyev dühasının bəşəriliyinə düşən işıq oldu.

Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir". Bu kəlamlar Azərbaycanın bu günündə deyilib, gələcəyi üçün deyilib. Bu kəlamları ən böyük azərbaycanlı deyib, "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" – deyən müdrik tarixi şəxsiyyət deyib. Ona görə Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlı üçün bu səviyyədə doğmadır, əzizdir. “Mən azərbaycanlıyam!” deyən hər bir azərbaycanlı bu günün mahiyyətini yaşam fəlsəfəsi bilir, ömrünü bu fəlsəfənin işığında yaşayır.

2020-ci ilin dekabrın 31-də, Dünya azərbaycanlılarının Həmrəylik Günündə Dünya azərbaycanlılarını təbrik edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dedi: “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini, üçngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm”. Bu minnətdarlıq 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfərdən 44 gün sonra deyilib. Müqəddəsliyə müqəddəs münasibət kimi. Bu müqəddəs münasibət Həmrəylik Gününün ovqatını müqəddəsliklə tamamlamışdı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir". Bu fikirlər həm azərbaycançılığın ideoloji əsaslarını müəyyənləşdirirdi, həm də Dünya azərbaycanlılarının Həmrəylik Gününün mahiyyətini. Xalqımız 20 ildi belə kəlamların bəşəri dərkinin cazibəsində yaşayır, azərbaycançılıq üçün yaşayır, Azərbaycan dövlətçiliyi üçün yaşayır, Azərbaycan üçün yaşayır. Belə yaşadılan azərbaycançılıq Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərkərdəliyi ilə işğalı sonlandırdı, torpaqlarımızı işğaldan azad etdi.

İndi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri aparılır. Dünya azərbaycanlıları bu prosesin də uğurla başa çatacağına əmindir.

Mən dünya azərbaycanlılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Əminəm ki, yaxın illərin bu günündə xalqımızı Vətən müharibəsində qazanılan Zəfərin davamı olan Quruculuq Zəfəri münasibəti ilə təbrik edəcəyik.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı