“Qurumların rəhbərliyində olanların ürəyi kimə istəyir ona medal verilir" - Deputat

"Medalları biz təsis edirik. Amma götürük ki, təsis edilən medalların paylanması zamanı problemlər üzə çıxır. Məsələn, biz burada Vətən müharibəsindən sonra bir çox medalları təsis etdik, ancaq onların paylanmasında problemlər yarandığını gördük".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində haqqı çatmadığı halda kimlərinsə təqdimatı ilə bəzi şəxslərə medallar verilib:

"Kimlərsə orden və medal ala bildi, haqqı çatanların bəzisi isə yox.  Digər tərəfdən bu yaxınlarda yazıçı Əlisa Nicatla bağlı problem ortaya çıxdı. Azərbaycanda nə qədər yazıçı var ki?! Niyə bu problemlər olmalıdır?! Digər tərəfdən bu yaxınlarda Mikayıl Rəhimovun yubileyi qeyd edildi. Amma onun yubileyi ilə bağlı hər hansı medal yaxud orden verilmədi. Prezident təkdir, ona belə şeylərin təqdimatı verilməlidir. Ölkə prezidentinin də xarakterini hər kəs bilir ki, mütərəqqi nə layihə, nə təşəbbüs varsa, hamısını dəstəkləyir”. 

F.Mustafa qeyd edib ki, bu medalların kimə verilməsinə nəzarət edilməlidir:

“Qurumların rəhbərliyində olan şəxslər ürəyi kimi istəyir, yazır, təqdimatı verirlər. Ürəyi kimi istəmədi vermir. Zəhməti olan, əziyyəti olan şəxslər kənarda qalır. Biz bu mexanizmin üzərində düşünməliyik. İnsanlar bilsinlər ki, dövlətə xidmətə görə heç kim yaddan çıxmır. Hamının fəaliyyəti izlənir, hamının fəaliyyətinə dövlət səviyyəsində qiymət verilir. Çünki bir məmurun etdiyi hərəkət dövlətin adına yazılır. İnsan üzərində qırğınlıq yaşayır ki dövlət mənim əziyyətimi nəzərə almadı. Ona görə də hesab edirəm ki, istər ASAN Xidmət olsun, istərsə də digər qurumlar olsun – buna bir nəzarət mexanizmi olmalıdır ki, artıq şəxsi subyektiv mülahizələrlə bu medallar paylanmasın, haqqı çatan insanlara verilsin”.