Region üçün tarixi gerçəklik

“Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış əsasında bu gününün və qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən Şuşa Bəyannaməsinin imzalanmasından iki il keçir. Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanması atılan addımlarda özünün aydın ifadəsini tapır. Ötən iki ildə dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə edilən əlavələrə diqqət yetirmək kifayətdir. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı. Postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və həyata keçirilməsində Türkiyə daim Azərbaycanın yanındadır. Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığnın və müttəfiqliyinin gələcək inkişafının təqdimatı oldu. Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Gününə - 15 İyun tarixinə, Qarabağ və Zəngəzur üçün çox vacib olan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə yönələn bu sənəd Bakı və Ankaranın rəhbərliyi ilə regionda etimad və inkişaf mühitinin yaradılmasının başlanğıcı oldu.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır: “Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarıc oldu. Belə ki, Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Ümumilikdə Azərbaycan və Türkiyə 15 İyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək addımı atdı. Bəyannamə region üçün yeni tarixi gerçəklik kimi dəyərləndirilir.”

Millət vəkili bildirib ki, qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsində, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır: “Son iki ildə Azərbaycan və qardaş ölkənin Prezidentinin qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Bir daha sübut olunur ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə sevincli, kədərli anlarda bir yerdədir, bir-birinə dəstəkdir. Dünya bu ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsinin şahidi oldu. Dünya həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların nümunəsində bu birliyin sarsılmazlığını gördü. “Qardaş Türkiyənin yanındayıq!” çağırışı əməldə öz təsdiqini tapdı.”

Diqqəti Türkiyə Prezidentinin iyunun 12-də reallaşan səfərinə yönəldən Malik Həsənov vurğulayıb ki, cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana səfəri münasibətlərimizdə yeni mərhələnin başlanğıcı olacaq: “Təbii ki, Şuşa Bəyannaməsinin ikinci ildönümünə təsadüf edən bu səfərdə əlaqələrin hazırkı inkişaf səviyyəsi təhlil ediləcək, yeni hədəflər müəyyənləşdiriləcək. Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün bütün imkanlar mövcuddur. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Postmünaqişə dövrünün mühüm reallıqlarından biri kimi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər qardaş Türkiyə tərəfindən təqdir edilir.”

Millət vəkili sənədin imzalandığı 15 İyun-Milli Qurtuluş Gününün ölkəmizin həyatında əhəmiyyətli roluna da diqqəti yönəldib: “Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi. Yeni Azərbaycan qurdu. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan 2020-ci ildə tarixi Zəfəri ilə dünyaya səs saldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə ölkəmizin hansı imkanlara malik olduğunu beynəlxaq aləmə təqdim etdi. Tarixi Qayıdışdan şanlı Zəfərə qədər böyük yol qət edərək biri-birindən mühüm uğurlara imza atan Azərbaycan hazırda qalibiyyəti, yaratdığı yeni reallıqlar ilə qürurludur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında bütün sahələrdə yeni imkanlar yaranacaq.”