1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin demək olar ki, beşdə biri 30 il müddətində işğal altında saxlanıldı. İşğal həmin ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.
Heç kəsə sirr deyil ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən mandat verilmiş ATƏT-in Minsk Qrupuna daxil həmsədr dövlətlər, yəni Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan arasında yaranmış münaqişənin aradan qaldırılması üçün 30 il nəticəsiz danışıqlar apardılar.
Nəhayət, 2020-ci ildə Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum dörd qətnamənin icrasını təkbaşına təmin etdi. Beləliklə, ölkəmiz bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə həm regionda, həm də dünya siyasi arxitekturasında tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.
Bu gün Azərbaycan bütün dünya dövlətləri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur. Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair şərtlərini qəbul etməyə və Sülh Sazişini imzalamağa yaxındır.
Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. Bu prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya da Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər.
İstər Vaşinqton, Brüssel, Moskva formatında keçirilən görüşlərdə, istərsə də bir sıra mötəbər beynəlxalq konfrans, forumlar, tədbirlərdə Azərbaycan bu məsələrdə iştirak etməyə hazır olduğunu nəinki bəyan edir, həm də regionun davamlı inkişafının təmin edilməsi işində lokomotiv dövlət rolunu öz üzərinə götürür.
Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu erməni lobbisinin kök saldığı Amerika Birləşmiş Ştatları kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmirdi. Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında Sülh Sazişinin hazırlanmasının yekun işləri görülür, habelə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən ardıcıl siyasət həyata keçirilir, bu tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzundan istifadə edirdi, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirməklə Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vurmağa çalışırdılar.
Hələ Bayden administrasiyası dövründə ABŞ-ın yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçi qruplaşmaların təhriki ilə bəzi Amerika rəsmiləri Azərbaycana qarşı açıq şəkildə ədalətsiz, qeyri-adekvat, beynəlxalq hüququn norma və prinsiplərə zidd olan mövqe nümayiş etdirirdilər.
Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət, etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bu münasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub, xüsusilə, Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində iki ölkə arasında əsasən enerji sahəsində qarşılıqlı marağa söykənən əməkdaşlıq formalaşdırılıb. Bu günə qədər Azərbaycanla ABŞ arasında 80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir.
Qeyd edək ki, Donald Trampın 2024-cü ildə yenidən Prezidenti seçilməsi Azərbaycan ABŞ münasibətlərinə demək olar ki, yeni nəfəs verdi, liderlər arasında telefon danışıqları və məktub mübadilələri baş tutub. Prezident İlham Əliyev bir sıra çıxışlarında Donald Tramp haqqında yüksək fikirlər səsləndirərək, məhz Trampın prezidentliyi dövründə ABŞ-ın yeni müharibələrə başlamadığını, onun ailə və ənənəvi dəyərlərə sadiqliyini xüsusilə vurğulayıb.
Bu baxımdan, Prezident İlham Əliyevin 07 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcud münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, eləcə də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir.
Bu tarixi səfər aşağıdakı istiqamətləri özündə ehtiva edir.
Birincisi – “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, müdafiə, silah satışı və terrorizmə qarşı mübarizəni də əhatə edən təhlükəsizlik əməkdaşlığı istiqamətlərində strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Belə ki, bu sənəd, eyni zamanda, ABŞ texnologiyası və investisiyalarının Azərbaycana axını, eləcə də ABŞ-ın bölgədə iqtisadi fəallığının artması üçün əməli şərait yaradacqdır.
Eyni zamanda, Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907 saylı düzəlişin icrasının dayandırılması sənədi imzalanmışdır. Qeyd edim ki, bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Bu ədalətsiz qərar yalnız Tramp administrasiyası dövründə ləğv olundu.
İkincisi – Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır.
Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişinin mətninin demək olar ki tamamlanması ilə yanaşı, regionda yeni dəhlizin – "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Beləliklə, Prezident İlham Əliyevin ABŞ-ya səfəri növbəti diplomatik qələbəmiz olmaqla, Azərbaycan-ABŞ münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltdi və regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunması üçün mühüm addım oldu. Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, çoxvektorlu fəaliyyət qədirbilən Azərbaycan xalqının, ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı