Salyanda azyaşlı qızın qısnamaya məruz qalması barədə açıqlama

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb. 

İddialarla əlaqəli DİN Mətbuat Xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov Sabahinfo.az-a bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də  araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.  

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.