Səbinə Xasayeva Puta qəsəbəsində qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Qəbulda iştirak edən vətəndaşlardan Səfurə Ağamuradova, Arifə Orucova, Tahirə Məmmədova, Gülsabah Məsimova, Esmira Rəhimova, Cavid Rüstəmov, Zaur Məmmədrzayev, Muxtar Məhərrəmov, Akif Dadaşov, Şahin Həsənov və Ağaverdi Məmmədrzayev qəsəbədə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və təmir edilməsinin, əhalinin asudə vaxtının səmərəli keçirməsi üçün abad məhəllələrin yaradılmasının, gənclər arasında sürətlə artmaqda olan narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsi üçün hüquq mühafizə orqanları tərəfindən müntəzəm olaraq monitorinq və reydlərin keçirilməsinin, bu sahədə gənclər arasında aparılan profilaktika işlərinin yaxşılaşdırılması üçün ictimaiyyətin nüfuzlu şəxslərinin təsir gücünün artırılmasının, gənclər təşkilatlarının və yerli icra orqanlarının qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasının, qəsəbədə formalaşan tullantı sularının kənarlaşdırılması məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının və kanalizasiya şəbəkəsinin inşasının başlanılmasının, aptek üçün münasib bina və ya torpaq sahəsinin ayrılmasının, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı“ nın Əlavə Tədbirlər planına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə Puta qəsəbəsində 2013-ci ildən tikintisinə başlanılmış və 2015-ci ildən etibarən maliyyə vəsaitinin ayrılmaması səbəbindən tikinti işləri yarımçıq qalmış mini futbol meydançasının və idman zalının tikintisinin başa çatdırılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, əhalinin sosial təminatının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Anar Umudov iştirak ediblər.