Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Şəhid ailələri, yaralı hərbçilər və müharibə iştirakçılarına dövlətin bütün sahələrində olduğu kimi, vergi sistemində də bir sıra güzəştlər tətbiq edilir.
Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixində sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir: “Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb ki, vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının Fərman və Sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.
Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımlar diqqətə çatdırılıb. Bildirilib ki, yeni Fərmanla müavinət və təqaüdlərin də artırılması təmin edilir.
Belə ki, bu il iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır.
Yeni Fərmanda həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılması nəzərdə tutulub.
Eyni zamanda övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü də gələn ayın əvvəlindən 100 manatdan 120 manata, “Xalq” fəxri adına görə təqaüdün 200 manatdan 300 manata, “Əməkdar” fəxri adına görə təqaüdün 150 manatdan 200 manata çatdırılır.
Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, 2025-ci ildə şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək. (https://sosial.gov.az/media/xeberler/sehid-aileleri-ve-muharibe-elillerine-bu-il-daha-1000-menzil-verilmesi-nezerde-tutulub)
Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.
Həmçinin 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri ilə bağlı güzəştlərin müddəti uzadılır.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək:
- 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
Gələcəkdə bu kateqoriyadan olan artımların və güzəştlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Çünki Azərbaycan dövlətinin şəhid ailələri, müharibə veteranlarına sosial qayğısı daim artırılır Bütün bu güzəştlər Azərbaycan dövlətinin, onun rəhbərliyinin şəhidlərimizin ailə üzvlərinə, yaralı hərbçilərə və bütün müharibə iştirakçılarına diqqətinin bariz nümunəsidir.
Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.