Şəhid ailələrinin problemləri vətəndan cəmiyyəti institutlarının diqqətində

Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının son illər milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği, dövlət və xalqın mənafeyinin müdafiəsi istiqamətində bir sıra layihələr, tədbirlər həyata keçirməkdədirlər. Xüsusilə də qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti özünü daha qabarıq göstərir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsi, işağl edilmiş ərazilərin azad edilməsi və ölkənin tarixi inkişaf prosesində yeni mərhələyə qədəm qoyması Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafı siyasəti ilə bağlı yeni yanaşmaların tətbiqini zərurətə çevirmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə əsas milli donor təsisatının yeni təşkilatı-hüquqi formada formalaşdırılması ölkənin yeni inkişaf strategiyasının ehtiyaclarını ehtiva edən addım kimi yeni çağırışları nəzərə alır və yeni hədəflər, vəzifələr müəyyən edir.

Dövlət və milli maraqlara xidmət edən siyasətinin düzgün və effektiv icra etməsi nəticəsində vətənpərvərlik hissi yüksəldi. Vaxtilə xarici donor təşkilatlardan maliyyələşən QHT-lər milli dəyərlərimizlə bağlı, demək olar ki, heç bir layihə həyata keçirmidrilər. Onlar mədəniyyətimizin təbliğinə, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinə biganə yanaşırdılar. İcra etdikləri layihələrin mövzusu əsasən etniklər, azlıqlar, insan haqları, demokratiya, siyasi məhbus, korrupsiya ilə bağlı olurdu. Çünki xarici donor təşkilatlar üçün Azərbaycan dövlətinin və xalqının maraqları, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemləri heç bir əhəmiyyət kəsb etmirdi. Bu gün isə vətəndaş cəmiyyəti institutlarının xarici donor təşkilatlardan asılılığı aradan qalxıb, onların müxtəlif mövzuları əhatə edən layihələri dövlətimiz tərəfindən maliyyələşdirilir.

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

Vətən uğurunda canını fəda etmiş şəhidlərimizin adlarının əbədiləşdirilməsi, təbliği, şəhid ailələrinin problemlərinin həllinə yönələn layihələrin dəstəklənməsi vətəndaş cəmiyyətinin fəaliyyətində xüsusi yer tutur.  Bu istiqamətdə  mütəmadi olaraq şəhid ailələri, müharibə iştirakçıları ilə  görüşlərin keçirilməsi, müzakirələrin aparılması təqdirəlayiqdir.

QHT-lərin şəhid ailələri ilə bağlı həyata keçirdiyi çoxsaylı layihələr qarşıya qoyulan məqsədlərə çatılmasında mühüm rol oynadı. Şəhid ailələrinə yönəlmiş layihələr həyata keçirən QHT-lərin hər birinin adını və fəaliyyətlərini bu yazımızda qeyd etmək imkan xaricindədir. Amma hesab edirik ki, burada "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin adını çəkməmək olmaz. Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı, "Murov qartalı" ləqəbli komandir Raquf Orucovun həyat yoldaşı - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova həm QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, həm digər milli donor təşkilatların, həm də öz daxili imkanları hesabına şəhid ailələri ilə bağlı ilboyu layihələr icra edir, tədbirlər keçirir. Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid ailələrinin çəkinmədən üz tutduğu, rahatlıqla qapısını döyə bildiyi bir mərkəzə çevrilib. Təşkilatın sədri Sevinc xanım Orucova hər bir şəhid ailəsinin probleminə öz problem kimi yanaşır və onların həlli üçün əlindən gələni edir. Qeyd etdiyimiz kimi, Azərbaycanda bu cür QHT-lərin sayı kifayət qədərdir.

Vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi mexanizminin yaradılması yerli QHT sektorunun şaxəli inkişafını təmin etdi, xarici donorların maraq göstərmədiyi sahələrdə ictimai təşəbbüslər geniş vüsət aldı. Xüsusən QHT-lər Azərbaycan, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı faktlar, milli maraqların müdafiəsi, Birinci Qarabağ savaşında şəhid olmuş soydaşlarımız, onların ailələri və qazilərin sosial müdafiəsi sahəsində miqyaslı fəaliyyətlər həyata keçirdilər. Erməni vandalizmi, insanlıq əleyhinə törədilən cinayətlər, Azərbaycan xalqına qarşı soyqrım, etnik təmizləmə, terror aktları ilə əlaqədar faktların toplanması, ölkə ictimaiyyətinin və beynəlxalq birliyin obyektiv məlumatlandırılması sahəsində diqqətəlayiq işlər həyata keçirildi.

 

Vətəndaş cəmiyyəti institutlarının şəhid ailələrinin problemlərinə həssas yanaşması, bu problemin həlli istiqamətində konkret addımlar atması, təkliflərlə çıxış etməsi önəmli rol oynayır.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən uca tutulub. Vətəndaş cəmiyyəti institutlarının da borcudur ki, şəhidlərimizi və onların qəhrəmanlıq yolunu, şücaətini gənclər arasında təbliğ etsin. Şəhidlərimizin ailə üzvlərinin problemnlərini dinləmək, onların həlli istiqamətində konkret addımlar atmaq qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əsasını təşkil etməlidir.

 

Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.