Spiker Sahibə Qafarova Milli Məclisin plenar iclasında çıxış edib  

Hörmətli həmkarlar!

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımız böyük sevinc və qürurla izlədi. Zəngilanın erməni işğalından azad edildiyi gündə belə bir iri miqyaslı regional layihənin reallaşması iki qardaş ölkənin dünyaya verdiyi növbəti mesaj idi. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana necə siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də quruculuq işlərində, digər bütün məsələlərdə onun yanındadır.

Dövlət başçıları bir sıra digər obyektlərin də təməlini qoydular, müəssisələrin açılışında iştirak etdilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni məzmun gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimiz və güc mənbəyimizdir.  

Zəngilandan dünyaya verilən bir mesaj da ondan ibarət idi ki, möhtərəm cənab Prezidentin dediyi kimi, biz öz torpaqlarımıza əbədi qayıtmışıq, vandalların viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəyik. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və həyata keçirilən digər quruculuq işləri məhz bu məqsədə yönəlmişdir.  

Hörmətli həmkarlar !

Bildiyiniz kimi, möhtərəm cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgəyə hər səfərlərində olduğu kimi, bu dəfə də Füzulidə, Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur obyektlərinin və yaşayış binalarının təməlini qoydular. Hesab edirəm ki, geniş vüsət alan bu bərpa-quruculuq işləri Böyük Qayıdışın getdikcə daha yaxından eşidilən addım səsləridir. Biz əminik ki, bölgənin iqtisadi dirçəlişi ilə bağlı olan layihələrin hamısı uğurla başa çatdırılacaq. Köçkünlük həyatı yaşayan soydaşlarımızın yurd həsrətinə son qoyulacağı gün uzaqda deyil.