“Status” məsələsini qabardan qüvvələrə ciddi xəbərdarlıq

BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyevin çıxışı, sülhün təminatı üçün dünya birliyinə, region ölkələrinə edilən növbəti çağırış idi. Prezident,  müasir dövrün əsas problemi-Pandemiya ilə mübarizə sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi cəhətdən zəif ölkələrə göstərilən yardımlar, 44 günlük Vətən müharibəsi, müharibədən əvvəlki və sonrakı vəziyyət, Ermənistanın işğal dövründəki dağıdıcı fəaliyyəti, vurulmuş ziyana görə məsuliyyət, dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın verdiyi təkliflər barədə ətraflı məlumat verdi. Ermənistanla yanaşı, Minsk qrupunu bərpa etməklə, “status” məsələsini qabardan qüvvələrə, müharibə çağırışları səsləndirənlərə də ciddi xəbərdarlıq etdi. Diqqət çəkən əsas məqamlardan biri, ölkə Başçısının, bundan sonra Dağlıq Qarabağ yox, Qarabağ terminini işlətmələri barədə müraciəti idi. Düşünürəm ki, bu zamanında və yerində edilmiş müraciət idi. 

Xatırlatmaq yerinə düşər ki, tam bir il öncə də cənab Prezident 75-ci sessiyada çıxışı zamanı Ermənistan tərəfdən gözlənilən təhdidlərlə bağlı xəbərdarlıq etdiyini bildirməsinə baxmayaraq, beynəlxalq birlik lazımi reaksiya verməmişdi. Nəticə isə, göz qabağındadır. Məhz, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində minlərlə gənc həlak oldu. Erməni ordusu, ümumiyyətlə dünya erməniliyi biabırçı şəkildə məğlub oldu.

Əgər, Ermənistan Prezident İlham Əliyevin bu ilki xəbərdarlıqlarından lazımi nəticə çıxarmasalar, daha ağır vəziyyətə düşəcəklər. 

Xüsusilə bir məsələni də qeyd  etmək istərdim ki, əvvəlkilərdən fərqli olaraq ilk dəfə, Azərbaycan Prezidenti qalib Ali Baş Komandan kimi böyük qürur hissi ilə ölkəsinin nəyə qadir olduğunu, dünyanın  1 nömrəli Beynəlxalq təşkilatı  hesab olunan BMT Baş Assambleyasında  nümayiş etdirdi. Ölkəmiz üçün bundan böyük reklam ola bilməz.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı