İnsan həyatının qorunması hər zaman ən öndə duran məsələdir. Bu gün yol qəzaları da insan həyatna əsas təhlükə mənbəyidir. Hətta bir çox hallarda yol qəzaları insanların həyatına son qoyur. Bütün bunların əsas səbəbi sürücülük qaydalarının pozulması və məsuliyyətsizlikdir. Bu halların qarşısını almaqla insan itkisi və yaralanmaların sayı azaldılır. Həmçinin ictimai təhlükəsizliyin təmin edilməsi də mühüm amildir. Yollarda qaydalara riayət edilməsi, həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini təmin edir. Nəqliyyat sisteminin effektivliyinin artırılmasına da diqqət edilir. Bununla yanaşı, qəza nəticəsində baş verən maddi zərər, tibbi xərclər və sığorta ödənişləri ölkə və vətəndaş üçün ciddi iqtisadi itkidir. Qəzaların azalması bu xərclərin də azalması deməkdir. Tıxacların və qəza sonrası yaranan əlavə emissiyaların azalması da ətraf mühitə olan mənfi təsirləri azaldır. Hüquqi və etik məsuliyyət hissinin artırılması da vacib məsələdir. Sürücülük mədəniyyətinin yüksəldilməsi ilə insanlar daha məsuliyyətli davranır, cəmiyyətə və qaydalara hörmət artır.
Yol insidentlərinin səbəbləri və nəticələri
Yol qəzalarının başlıca səbəbləri arasında yüksək sürətlə hərəkət, spirtli içki qəbul edərək avtomobil idarəetmə, yol nişanlarına və qaydalara əməl etməmək, mobil telefonlardan istifadə və digər diqqətsizlik halları dayanır. Nəticədə yalnız sürücülər deyil, piyadalar və digər yol istifadəçiləri də təhlükə ilə üzləşir. Statistikalar göstərir ki, hər il yüzlərlə insan məhz bu cür səbəblərdən həyatını itirir və ya xəsarət alır.
Dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən bu sahədə ciddi tədbirlər görülür. Qaydaların pozulmasına görə cərimələrin tətbiqi, maarifləndirici tədbirlər, sosial kampaniyalar, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və sürücülük hüququ alma prosesi kimi tədbirlər sürücülük mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Yol insidentlərinin azaldılması və sürücülük mədəniyyətinin artırılması insan həyatının və sağlamlığının qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yıxacların və iqtisadi itkilərin azaldılması, ətraf mühitin qorunması və hüquqi və etik məsuliyyət hissinin gücləndirilməsi məqsədinə xidmət edir. Cəmiyyətin bütün üzvləri, xüsusilə də sürücülər, bu istiqamətdə məsuliyyətli davranmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidir. Yol mədəniyyəti hər birimizin həyatına birbaşa təsir edən amildir və onun təkmilləşdirilməsi yalnız cərimələrlə deyil, həm də maariflənmə ilə mümkündür.
Yol mədəniyyətinin cəmiyyətin ümumi davranış səviyyəsinə təsiri
Yolda qaydalara hörmət, qarşılıqlı anlayış, təmkinlilik və məsuliyyət bir cəmiyyətin mədəni yetkinlik dərəcəsini göstərir. Əgər insanlar yol hərəkəti zamanı bir-birinə hörmətlə yanaşırsa, bu onların ictimai həyatın digər sahələrində də tolerant və anlayışlı davranacağını göstərir. Yol mədəniyyəti həm də vətəndaşların hüquq və qaydalara münasibətini ortaya qoyur – qaydalara könüllü və şüurlu şəkildə riayət edən cəmiyyətlər daha az sosial gərginliklə üzləşir.
Mədəniyyət, bir cəmiyyətin davranış modellərini və dəyərlər sistemini əks etdirir. Yollarda başqalarına qarşı hörmətli olmaq, aqressiv və əsəbi davranmamaq, səbirsiz siqnallar verməmək və qaydalara vərdiş kimi yanaşmaq — bütün bunlar yol mədəniyyətinin göstəricisidir. İnkişaf etmiş ölkələrdə yol hərəkətində mədəni davranış yüksək səviyyədədir və bu, cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricilərindən biri kimi qəbul olunur.
Mədəni və qaydalara uyğun sürücülük tıxacların qarşısını alır, nəqliyyatın axıcılığını təmin edir və vaxt itkisini azaldır. Sürücülük mədəniyyəti dedikdə təkcə qaydalara riayət etmək deyil, həm də digər yol hərəkəti iştirakçılarına qarşı hörmət, məsuliyyət və anlayış göstərmək nəzərdə tutulur. Mədəni sürücü yol verilməli olan piyadaya yol verir, siqnalizasiyanı yersiz işlətmir, yol hərəkətini ləngitmir və digərlərinə təhlükə yaratmır. Sürücülük mədəniyyəti yalnız fərdi davranış deyil, ümumi ictimai davranışın göstəricisidir.
Sürücülükdə etik davranışın təbliği necə aparılmalıdır?
Yol hərəkəti təkcə hüquqi qaydalar toplusundan ibarət deyil. Bu sahədəki davranışlar həm də etik dəyərlərlə və ictimai mədəniyyətlə sıx bağlıdır. Hüquq qaydaları minimum zəruri tələbləri müəyyən edir, lakin etik və mədəni yanaşma daha yüksək davranış standartlarını ifadə edir və cəmiyyətdə təhlükəsiz, anlayışlı və hörmətə əsaslanan yol mədəniyyətinin formalaşmasına xidmət edir. Hüquqi yanaşma sürücünü yalnız cərimə və ya inzibati məsuliyyət qorxusu ilə qaydalara əməl etməyə məcbur edir. Məsələn, bir piyada keçidində avtomobilin dayanması qanunla tələb olunur. Lakin sürücü bunu yalnız radar və ya kamera gördükdə edirsə, bu, hüquqa əməl etməkdir, lakin mədəni və etik davranışdan uzaqdır.
Yol hərəkətində hüquqi tələblərlə yanaşı, etik və mədəni prinsiplərin də tətbiqi daha təhlükəsiz və anlayışlı bir cəmiyyətin formalaşmasına gətirib çıxarır. Qanunlar qaydaları müəyyən etsə də, cəmiyyətin vicdanı və mədəniyyəti həmin qaydalara necə yanaşıldığını müəyyən edir. Hər bir sürücü yalnız yol hərəkəti iştirakçısı deyil, həm də ictimai davranışın daşıyıcısıdır. Bu səbəbdən yol hərəkətinə yalnız "qanunla nə mümkündür" deyil, "etik olaraq nə düzgündür" sualı ilə yanaşmaq vacibdir.
Etik davranışların təbliği həm dövlət, həm vətəndaş cəmiyyəti, həm də ailədən başlamalıdır. Bunun üçün maarifləndirmə kampaniyaları aparılmalıdır. Məsələn, mediada etik sürücülük nümunələrinin tanıdılması işi effektiv nəticə verə bilər. Bu baxımdan təhsil və təlimin də önəmi böyükdür. Sürücülük məktəblərində etik davranışlar xüsusi bölmə kimi öyrədilməlidir. Həmçinin qaydaları pozanlara qarşı ədalətli, lakin ciddi cəza tədbirlər görülməldir.
Sürücü olmaq yalnız avtomobil sürməyi bacarmaqla bitmir. Bu, həm də başqalarının həyatına məsuliyyətlə yanaşmaq, ictimai davranış qaydalarına əməl etmək deməkdir. Yol hərəkətində etik davranışın təşviqi daha təhlükəsiz, nizamlı və humanist bir cəmiyyətin əsas şərtlərindən biridir. Hər bir sürücü öz davranışı ilə bu mədəniyyətin daşıyıcısı olmalı və onu yaymalıdır.
Fuad Hüseynzadə
Yazı Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsi çərçivəsində hazırlanıb.