Taleh Məmmədov: “İrəvanda Azərbaycan bayrağının yandırılması güləşçilər üçün ikiqat məsuliyyət oldu”

“İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması güləşçilərimiz üçün ikiqat məsuliyyət oldu”.

Sabahinfo.az xəbər verir ki, bu barədə Avropa çempionatında gümüş medal qazandıqdan sonra Vətənə qayıdan Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Mükafatçısı olduğu Avropa çempionatının yarımfinal mərhələsində erməni güləşçi ilə görüşünə toxunan idmançı ona qarşı xüsusi taktika işlətdiyini söyləyib:

“Erməni ilə artıq dördüncü dəfədir, qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci seti aşağıda oturum, ikinci setdə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim, rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam və bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd edəsi oldum. Onun üzərində işləmişdim, icra edib qələbə çalaraq finala vəsiqə qazandım”.

T.Məmmədov karyerasını başa vurmaq niyyətində olduğunu da vurğulayıb:

“İrəlidəki dünya çempionatında isə qızıl medal qazanaraq karyeramı başa vurmaq istəyirəm”.

Eyni zamanda, İrəvanda Azərbaycan bayrağının yandırılmasına münasibət bildirən idmançı bunun komandanın əhvali-ruhiyyəsinə təsir etdiyini vurğulayıb:

“Bu bizim üçün ikiqat məsuliyyət idi. Biz onlara qalib gəlib sübut etmək istəyirdik ki, mübarizə belə olur”./report