Tarixi qələbəmizin kökündə milli həmrəyliyimiz dayanır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı günlər qalır. Artıq ikinci ildir ki, biz Həmrəylik Gününü ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edirik.
Şanlı tariximizə əlamətdar hadisə kimi düşən 1991-ci il 31 dekabr olayları milli bütövlüyümüz və azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, xalqın milli mentaliteti və dövlətçiliyə sədaqəti vəhdəd təşkil edəndə daha güclü, sarsılmaz toplum formalaşır. Üstəlik bu topluma liderlik edən şəxsiyyətin bacarığı, siyasi peşəkarlığı, liderlik keyfiyyətləri yüksək olanda daha dayanıqlı, dinamik dövlət, cəmiyyət yaratmaq mümkün olur. Heç kəsə sirr deyil ki, Müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasını qoydu və bu ideologiya bizi bütövləşdirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də məhz azərbaycançılıq ideologiyasından yaranıb.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması haqqında Qərar qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul etdi. 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. 19 il sonra biz bu tarixin müqəddəsliyini Vətən müharibəsindəki Zəfərimizlə yenidən yaşadıq. Qurultayda dünyanın 36 ölkəsində yaşayan azərbaycanlıları təmsil edən 200-dən çox təşkilatdan 406 nümayəndə iştirak etdi. Bu qurultayda ölkəmizin, azərbaycanlıların daha nurlu sabahları üçün çalışanlar ən böyük azərbaycanlının – böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə dəyərli tövsiyələrini dinlədilər.

Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinin həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox əhəmiyyətli olduğunu qeyd edən Ulu Öndər hələ o zaman vurğuladı ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Ölkəmizin xaricində yaşayan azərbaycanlılar müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qurmalı, azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün çalışmalıdır. Ulu Öndərin “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik” fikri qurultay iştirakçıları tərəfindən birmənalı şəkildə dəstəkləndi.

Qurultayda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciətlər də qəbul olundu. 19 il sonra Azərbaycan həmrəylik nümayiş etdirərərk Qarabağı işğaldan azad etdi. 44 günlük müharibə zamanı biz dünya azərbaycanlılarının torpaqlarımızın işğaldan azad olunması istiqamətində səylərinin şahidi olduq. Hətta xaricdə yaşayan Azərbaycanın qeyrətli oğulları vətənə dönüb əllərinə silah alaraq cəbhəyə yollanırdılar. “Mən azərbaycanlıyam!” deyən hər bir şəxs milli maraqlar ətrafında birləşməyi bacarır. Azərbaycançılıq ideologiyasında ruhlanan xalqımız və onun ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

İndi bizim qarşımızda bir çox vacib məsələ durur. Qarabağa Böyük Qayıdış prosesinə dəstək olmalıyıq, ərazilərmizdəki separatçıların təmizlənməsi, silahlı ermənilərin tərkisilah edilməsi, ölkəmizə qarşı aparılan çirkin kampaniyalara qarşı mübarizə aparmaq üçün eyni mövqedən çıxış etməliyik. Şübhə yoxdur ki, dünya azərbaycanlıların həmrəyliyi qarşıdakı dövrdə daha da güclənəcək. 2023-cü il bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının prioriteti vəhdət, birlik təşkil edərək əsaslı təmizləmə, bərpa və əhalinin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi istiqamətində davamlı işlərin həyata keçirilməsi olacaqdır. Biz Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib Azərbaycanımızı daha güclü edəcəyik!

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı