Türk dövlətləri gələcəyə birlikdə addımlayır

Anar Məmmədov

Milli Məclisin deputatı

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir çox önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir. Ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görən dövlətimizin başçısı hələ 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Türkdilli dövlətlər arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr günü-gündən daha da möhkəmlənir. Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Qeyd edək ki, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir. Hazırda bu dövlətlərdə ümumi daxili məhsulun həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.

Bir məqamı da qeyd edək ki, ötən müddətdə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

Azərbaycan türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığı gücləndirir, son illər ərzində nəqliyyat infrastrukturunu - avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu, hava nəqliyyatı böyükhəcmli sərmayələr hesabına müasirləşdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında da öz sözünü deməyi bacardığını sübut edib. Prezident İlham Əliyevin bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiklərini vurğulaması Azərbaycanın qlobal iqlim gündəliyinə töhfə verən məsuliyyətli dövlət statusunu bir daha ortaya qoyub. Ölkəmizin bu konfransa ev sahibliyi etməsi yalnız ekoloji deyil, həm də siyasi və diplomatik baxımdan əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğuna dəlalət edir. 

Türk xalqlarının birliyi naminə bütün türkdilli dövlətlər böyük əmək sərf ediblər. Bu əməyin məntiqi nəticəsidir ki, biz türkdilli dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını müşahidə edirik. Beləliklə, türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edəcək. Bu baxımdan türk dövlətləri bundan sonra da hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir-birilərini dəstəkləməlidir. Sözsüz ki, bu birliyin möhkəmlənməsində 2019-2021-ci illər ərzində Şuraya sədrlik etdiyi dövrdə Azərbaycanın və Prezident İlham Əliyevin müstəsna fəaliyyəti danılmazdır.