Türk Dünyası Naşirlər Birliyi yaradıldı 

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) və digər türkdilli dövlətlərin nəşriyyatlar birlikləri arasında görüş keçirilib.

Anaib.az xəbər verir ki, görüşdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Albaniyadan olan naşirlər iştirak edib.

ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq türk ölkələrinin nəşriyyatlar birliyinin yaradılması zərurətindən söz açıb: “Bu birlik kitab sənayesinin inkişafına əhəmiyyətli töhfə olmaqla yanaşı, ölkələrimiz arasında mədəni körpü rolunu oynayacaq. Biz bu mövzunu əziz dostumuz Mustafa Qaragüllüoğlu ilə İstanbulda olarkən də müzakirə etmiş, bu arzumuzun reallaşımısı üçün güclərimizi birləşdirməyin vacibliyindən danışmışdıq”.

Ş.Sadiq onu da diqqətə çatdırıb ki, görüş oktyabrda doğulan böyük mütəfəkkir Hüseyn Cavidin yubileyinə tasadüf edir: “Hüseyn Cavid son nəfəsinədək ortaq türk dilinin yaradılmasına çalışıb.  Böyük ustadın əsas qayəsi elə onun  bir misrasında həkk olunub: Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Sədr çıxışının yekununda əlavə edib ki, sözügedən birliyin yaradılması bütövlükdə türk dünyası üçün əhəmiyyətli yenilik olacaq.

Daha sonra Türkiyə “Basın Yayın Birliği” dərnəyinin idarə heyətinin sədri Mustafa Qaragüllüoğlu bildirib ki, öncə Daşkənddə, daha sonra Bakıda keçirdiyi görüşlərdə aparılan müzakirələr əsasında bu birliyin yaranmasında dövlətlərin də maraqlı olduğunu görüb: “Türkiyədə keçirilən “İstanbul Publishing Fellowship” proqramında qonaq ölkə 2021-ci ildə Azərbaycan, 2022-ci ildə Macarıstan olub. Bu ilin martında isə tədbirin qonağı Özbəkistan olacaq. Növbəti illərdə qonaq ölkələrin Qazaxıstan və Qırğzıstan olması planlaşdırılır”.

Naşirlərin birlik təşəbbüsü hələlik qeyri-rəsmi formatda olsa da, tezliklə rəsmi status almasını arzulayan M.Qaragüllüoğlu bunun üçün bütün imkanlarından istifadə edəcəyinə söz verib.

Bu təşəbbüsü yüksək qiymətləndirən Albaniya Tərcüməçilər Assosiasiyasının sədri Rixhep Hida sözügedən addımı “Bünövrə üçün qoyulmuş ilk daş” kimi gördüyünü deyib,  bu daşın üzərində bina ucalacağına ümidini dilə gətirib.

Qazaxıstan Nəşriyyatlar, Poliqrafiya Assosiasiyasının rəhbəri Adil Koitanov isə nəzərə çatdırıb ki, ölkələrin mədəni yaxınlığının inkişafı üçün təmsilçisi olduğu ölkədə geniş tirajla antologiyalar çap edə bilərlər. Eyni zamanda vurğulayıb ki, ortaq türk ədəbiyyatının formalaşması üçün birliyə üzv olacaq ölkələrin əsərləri tərcümə olunmalı, bunun üçünsə ortaq tərcüməçi bazası formalaşdırılmalıdır.

Qırğızıstan Respublikasının Poliqrafiyaçı və Nəşriyyat Evləri Assosiasiyasının baş direktoru Tərəgül Ergeşbay hələlik müstəqil türkdilli dövlətləri  əhatə edən bu qurumun tədricən Rusiyada yerləşən türk respublikalarını da öz ətrafında birlşdirəcəyini vurğulayıb. O, ədəbi mühitin vəhdətdə inkişafı naminə müəllif mübadilələrinin təşkil olunmasını da təklif edib.

Özbəkistan Naşirlər Birliyinin sədri Erkin Əbdürrəhmanov isə bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyindən, türk dövlətlərinin, xüsusilə də informasiya sahəsində əməkdaşlığının əhəmiyyətindən söz açıb.

Şəmil Sadiq Türk Dünyası Nəşriyyatlar Birliyinin bir illik keçici sədri olaraq “Altun” nəşriyyatın direktoru, tanınmış naşir Rafiq İsmayılov olmasını təklifini edib və bu fikir yekdilliklə qəbul edilib. Türk Dünyası Nəşriyyatlar Birlyinin sədri Rafiq İsmayılov qarşıda görüləcək işlərin nələrdən ibarət olduğu haqqında bildirib:

“İlk öncə Birliyinin rəsmi sənədələşmə işlərinin həyata keçirilməsi, bu müddətdə tərcüməçilər bazasının, “Turan Publishing Fellowship” layihəsinin formalaşdırılması, birliyin logosunun hazırlanması və ortaq əməkdaşlıqların genişləndirilməsi vacib məsələlərdəndir”.

Sonda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Nəşriyyatlar birliklərinin təsisçiliyi ilə ortaq mədəniyyətimizi tanıtmaq və inkişaf etdirmək naminə yaradılmış birliyin işlərində uğurlar arzulayaraq xatirə şəkilləri çəkilib.